Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı

Rusiyanın Nijni Novqorod şəhərində əlverişsiz hava şəraiti səbəbindən kanat yolunda 16 nəfər, o cümlədən 4 uşaq köməksiz vəziyyətdə qalıb.

Sherg.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, güclü külək və əlverişsiz hava şəraiti nəticəsində içərisində sərnişinlər olan bir neçə kabinə hərəkətsiz qalıb. Hadisə yerinə dərhal xilasedicilər və digər operativ xidmətlər cəlb olunub.

Xilasedicilərin həyata keçirdiyi əməliyyat nəticəsində kabinələrdə qalan bütün 16 nəfər, o cümlədən 4 uşaq təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, Nijni Novqorod kanat yolu su üzərində 861,21 metr uzunluğunda dayaqsız keçidə malik olması ilə Avropa rekordlar kitabına daxil edilib. Kanat yolunun ümumi uzunluğu isə 3 661 metr təşkil edir.