Türkiyənin Adana şəhərində serebral iflic xəstəsi olan 25 yaşlı Cabbar Akyolun ad günü onun üçün unudulmaz anlarla yadda qalıb.
Sherg.az xəbər verir ki, gənc ad günündə yamac paraşütü ilə uçaraq ən böyük arzularından birini gerçəkləşdirib.
Yamac paraşütü pilotu Serdar Gülşənin təşkil etdiyi sürpriz tədbirdə əvvəlcə ad günü tortu kəsilib, daha sonra bütün hazırlıqlar tamamlandıqdan sonra Cabbar paraşütlə səmaya qalxıb.
Uçuş zamanı böyük sevinc və həyəcan yaşayan Cabbar Akyol bu anların onun üçün unudulmaz olduğunu bildirib. O, ən böyük arzusunun ümrə ziyarətinə getmək olduğunu da dilə gətirib.
“Onun təbəssümünü görmək hər şeyə dəyər”
Yamac paraşütü pilotu Serdar Gülşən Cabbarın sevincinə şərik olmağın onun üçün böyük xoşbəxtlik olduğunu deyib:
“Cabbarın üzündəki təbəssümü görmək hər şeyə dəyər. Onu sevindirə bilmişiksə, bu bizim üçün ən böyük mükafatdır”.
Cabbarın atası Sabahəddin Akyol da oğlunun yaşadığı sevincin onu çox duyğulandırdığını bildirib.
O, oğlunu səmada süzülərkən izləməyin sözlə ifadə olunmayacaq hisslər yaşatdığını qeyd edərək deyib:
“Övladımın xoşbəxt olması bizi də xoşbəxt edir. Onun ən böyük arzusu ümrəyə getməkdir. Bunun üçün yavaş-yavaş pul yığmağa başlamışıq”.
Cabbarın ad günündə yaşadığı bu xüsusi anlar ailəsi və yaxınları üçün də unudulmaz xatirəyə çevrilib.