26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür
Azərbaycan Milli Ordusunun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı.
1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.
Hərbi ekspert Azər Bayramov "Sherg.az"a açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi hərb tarixinə qızıl hərflərlə yazılıb:
"Biz bu müharibəyə tam hazır idik. İkinci Qarabağ müharibəsində də Azərbaycan Ordusunun yeni Türkiyə modelinə keçirilməsi qərara alındı. Biz indi qalib xalq kimi Silahlı Qüvvələr Gününü qeyd edirik. Bu, əlbəttəki böyük uğurdur. Müharibədən sonrakı dövrə nəzər yetirsək görərik ki, ordumuzdakı inkişaf davam edir. Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın aparıcı orduları ilə eyni sıradadır. Burda söhbət şəxsi heyətin döyüş hazırlığının səviyyəsindən gedir. Azərbaycan kəmiyyət yox, keyfiyyət baxımından üstündür. Azərbaycan əhali sayına görə bərabər olduğu ölkələr arasında ən yuxarı zirvədə durur".
Ekspert əlavə edib ki, bu birinci növbədə, Ali Baş Komandan İlham Əliyevin orduya ayırdığı diqqətin nəticəsidir:
"Hesab edirəm ki, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti, başda Türkiyə olmaqla müttəfiqlərimizin bu sahədə əməkdaşlığından asılıdır. Bütün bunlar kompleks şəkildə ordumuzun gücünə güc qatır. Nəzərə almalıyıq ki, güclü ordu Azərbaycan xalqının sülh və əmin-amanlıq içərisində yaşamasının, eyni zamanda dövlətçiliyimizin qorunmasının təminatçısıdır".