- Ədalət Verdiyev: “Sentyabrda Azərbaycan-Türkiyə birgə istehsalının yeni məhsullarını görə bilərik”
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri müdafiə sənayesi sahəsində də ardıcıl şəkildə inkişaf edir. Xüsusilə pilotsuz uçuş aparatları, hərbi texnologiyalar və birgə istehsal layihələri istiqamətində əməkdaşlıq iki ölkənin müdafiə potensialının gücləndirilməsində mühüm rol oynayır. Bu baxımdan yüksək səviyyəli qarşılıqlı təmaslar mövcud tərəfdaşlığın daha da genişləndirilməsi və yeni layihələrin reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüş keçirib.
Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a söyləyib ki, Azərbaycanla Türkiyə arasındakı müdafiı sənayesi sahəsindəki əməkdaşlıq kifayət qədər yüksələn və dinamik bi şəkildə inkişaf edir:
“”Baykar” şirkəti dünyanın ən çox pilotsuz vasitələr istehsal və ixrac edən şirkətinə çevrilib. Azərbyacanın da Türkiyə ilə müdafiə sənayesi sahəsində bir çox əməkdaşlıq layihələri mövcuddur. Hətta birgə istehsal sahələri belə qurulub. Özəl sektora milyard manatlıq sərmayə də yatırılıb. Bu sərmayənin böyük bir hissəsi Türkiyə şirkətlərinə aiddir. Səlcuq Bayraqdarın Azərbaycana səfər etməsi və görüşlər keçirməsi də bir daha onu deməyə əsas verir ki, bizim əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni layihələr hazırlanır. Bəlkə də biz yaxın aylarda, təxminən sentyabrda birgə istehsal zamanı əldə olunan yeni məhsulları görəcəyik. Türkiyə kimi böyük bir müdafiə sənayesi potensialına malik ölkə ilə genişmiqyaslı əçəkdaşlıq, Azərbaycanın bu sahədə çoxsaylı yerli kadr hazırlamasına da müsbət təsir göstərəcək. Digər tərəfsən isə Azərbaycan və Türkiyənin birlikdə istehsal etdiyi müdafiə sənayesi məhsuları həm TDT daxilindəki, həm də digər dost və müttəfiq ölkələrin xarici istehsalçılardan asılılığını minumuma endirməyə imkab verəcək”.