«Yola saldığımız il Azərbaycan tarixində böyük və şərəfli tarix kimi yadda qalacaq. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz böyük qəhrəmanlıq göstərdi”.
Bu fikirləri Əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, Yasamal rayon Ağsaqqalar şurasının sədri Cavanşir Qurbanov bildirib.
Uzun illər Azərbaycan güləşinin inkişafında böyük xidmətləri olan qocaman mütəxəssis öz fikir və təkliflərini bölüşüb:
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 28 ildən sonra əzəli və qədim Qarabağımız öz azadlığına qovuşdu. Müharibə hər zaman amansız olub. Vətən uğrunda döyüşlərdə neçə-neçə Azərbaycan övladı canından və qanından keçərək, vətəni mənfur düşməndən azad etməyə müvəffəq oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hər Azərbaycan övladının ruhu qarşısında baş əyirik. Onları böyüdüb, boya-başa çatdıran valideynlərin əllərindən öpürük. Bu müharibə bir daha sübut etdi ki, Azərbaycan xalqı məğrur və vətəni canından çox sevəndir. Bütün dünya bunun şahidi oldu. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Prezidentinin Sərəncamından sonra minlərlə azərbaycanlı Ordu sıralarına yollandı. Onların hər biri döyüşlərdə böyük ruh yüksəkliyi ilə vuruşdular. Nəticə isə göz qabağındadır. Bu gün Azərbaycan Ordusu Qarabağı illərdən sonra düşmən əsarətindən azad edib».
C.Qurbanov bildirir ki, müharibədə öz sağlamlığını itirən qazilərimizə bu gün daha çox diqqət yetirilir:
«Müharibənin amansızlığı özünü göstərdi. Vətən müharibəsində zabit və əsgərlərimiz şəhidlik zirvəsinə yüksəldilər. Bununla yanaşı xeyli yaralı qazilərimiz oldu. Onlar vətənin azadlığı üçün sağlamlığını qurban verdilər. Fiziki və mənəvi cəhətdən güclü olan Azərbaycan gənci bizim fəxrimizdir. Biz onları daim diqqətdə saxlamalıyıq. Qazilərimiz hiss etməlidir ki, Azərbaycan onlarla qürur duyur, onlardan qayğısını əsirgəmir. Bu gün müharibədən tərxis olan qazilərimizə dəstək olmalıyıq. Onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün bir sıra işlər görməliyik. Qazilər üçün yeni idman klubları yaradılsa, yaxşı olardı. Orada idmanla yanaşı digər sahələrdə istedadı olan gənclərimizə də imkan yaradıla bilər. Bunun üçün ölkənin hər bir yerində infrastruktur formalaşıb. Olimpiya idman komplekslərində bu işin həyata keçməsi üçün mövcud şərait yaradılıb. Bundan başqa, şəhid ailələrində böyüyən övladlar ödənişsiz idmanla məşğul olmaları da, məqsədəuyğundur. Axı onlar gələcəyin əsgərləridir. Bu müharibə bir daha sübut etdi ki, gənc nəsil fiziki və mənəvi cəhətdən sağlam və vətənpərvər ruhda yetişib. Bu və ya digər məsələlərə də həssaslıqla yanaşmaq lazımdır. Bu işdə əlaqədar qurumlar xüsusi fəallıq göstərməlidirlər. Mən öz növbəmdə Yasamal rayon Ağsaqqalar şurasının sədri kimi, bu işdə öz qüvvə və bacarığımı əsirgəməyəcəm. Hesab edirəm ki, bu nəcib təklif tezliklə bəyəniləcək və öz bəhrəsini verəcək», - deyə o, bildirdi.
İşğaldan azad olunan topaqlarımızda quruculuq işlərindən də danışan Cavanşir müəllim bildirib ki, həmin ərazilərdə idman yeni dövrünə qədəm qoyacaq. Ermənilər tərəfindən dağıdılan idman qurğuları yenidən bərpa edilərək, idmansevərlərin ixtiyarına veriləcək:
«Torpaqlarımız uzun illərdən sonra azadlığına qovuşdu. Qarabağda yeni dövr başlayır. İllərdən bəri doğma vətən həsrətilə yaşayan həmin torpaqların əsil sakinləri yaxın müddətdə yurd-yuvasına qayıdacaq. Həmin ərazilərdə yenidən canlanma hökm sürəcək. Hər bir sahədə yeni işlər görüləcək. İdman da Qarabağa qayıdacaq. Həmin rayon və şəhərlərdə yeni idman qurğuları inşa olunacaq. Qarabağlı idmançılarır sayı da artacaq. Biz idman xadimləri və mütəxəssisləri də buna tam əminik».