Yeni nazir futbol sahəsinə ciddi təsir göstərməlidir

Ceyhun Əliyev: "Gənc Qayıbovun toplayacağı komandanı da görmək lazımdır"

"Mütləq bölgələrimizdəki icra hakimiyyətləri də nazirimizə, AFFA-ya dəstək olmalıdır ki, heç olmasa, üfüqdə tərəqqi cücərtiləri görünsün"

Ötən gün Prezident İlham Əliyev Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib. Bəs, yeni idman nazirindən gözləntilər nələrdir?

«Sport24 az» saytının baş redaktoru Ceyhun Əliyev  "Şərq"ə açıqlamasında bildirib ki, yeni idman naziri ilk növbədə milliləşdirmənin yolunu açmalıdır. O qeyd edib ki, idman sahəsində daha çox yerli idmançılarımıza üstünlük verilməsi məqsədəuyğundur:

"Rusların belə bir məsəli var: “Yeni süpürgə yeni üslubda süpürür”. Bax, yeni nazirimizdən də yeni üslubda “süpürməyi” arzulayıram. Söhbət heç də bütün heyəti “silib-süpürmək”dən getmir. Ancaq Olimpiya oyunları göstərdi ki, nazirliyin işi qeyri-qənaətbəxş olub. Əvvəlki illərdə nəticələr vermiş idmançılar az-çox nəsə edə bildilərsə, yeniləşəndən səs-səmir çıxmadı. Ümumiyyətlə, kökü olmayan idman növlərində əcnəbilərin hesabına Olimpiadada təmsil olunmaq absurddur. Buna görə böyük vəsaitlər xərcləmək pulu havaya sovurmaqdan başqa bir şey deyil. Və daha bir acı məqam öz ustalarımız ola-ola “kitayski” əcnəbiləri milliləşdirməklə bağlıdır.

Bütün dünya Azərbaycanda şahmatın necə yüksək səviyyədə olduğunu bilir, amma bizim millidə uzun illər Arkadi Naydiç adlı biri ortabab çıxış etdi. Bu tək şahmat, hətta idman adına deyil, bu, ölkə adına rəzalətdi!

Fərid Qayıbov şahmatdakı duruma nəzər salsa, onlarla sual yaranacaq. Onlardan biri, bəlkə də birincisi səriştəsiz, şahmatın hədislərin belə bilməyən insanların məşqçi işləməsidir. Ancaq onlarla dünya səviyyəli azərbaycanlı məşqçi Azərbaycanı tərk edib, başqa ölkələrdə çalışırlar. Niyə? Çünki Federasiya onları bu kökə salıb". 

C.Əliyev inanır ki, yeni təyinat futbol sahəmizə də müsbət təsirini göstərəcək:

"Burda ilk növbədə söhbət bölgələrdə iş adamlarının futbola sərmayə yatırmasına dəstək olmaqdan gedir. Futbol olduqca ağır və bahalı idman növüdür. Bu sahədə tək AFFA, hətta AGİN də qarışmaqla nəzərəçarpacaq irəliləyişə nail olmaq mümkün olmayacaq. Mütləq bölgələrimizdəki icra hakimiyyətləri də nazirimizə, AFFA-ya dəstək olmalıdır ki, heç olmasa, üfüqdə tərəqqi cücərtiləri görünsün. Cənab Qayıbovun gənc olması yuxarıdakı qeydlərimə ümidi artırır. Ancaq necə olacağını proqnozlaşdırmaq üçün əvvəlcə, onun toplayacağı komandanı görmək lazımdır".