Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun oyunlarına yekun vurulub. Hamburqdakı “Folksparkştadion"da baş tutan Çexiya - Türkiyə qarşılşaması ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə millisindən Hakan Çalhanoğlu (51) və Cenk Tosun (90+4), Çexiyadan isə Tomaş Suçek (66) fərqlənib. Bu oyunda Çexiya komandasının iki üzvü - Antonin Barak (20) və Tomaş Çori (90) qırmızı vərəqə ilə meydandan qovulub. Helzenkirhendəki "Feltins Arena"da keçirilən Gürcüstan - Portuqaliya qarşılaşması Gürcüstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb. Bu nəticələrdən sonra Portuqaliya qrup lideri, Türkiyə millisi isə ikinci pillənin sahibi kimi 1/8 finala adlayıb. Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanıb. Avropa çempionatında 1/8 finala adlayan Türkiyə yığmasının rəqibi də bəlli olub. “Ay ulduzlular” bu mərhələdə Avstriya yığması ilə qarşılaşacaq. Matç iyulun 2-də baş tutacaq. Qarşılaşmanın start fiti saat 23:00-da veriləcək.
Dünənki oyunu dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a bildirib ki, Türkiyə-Çexiya matçı yenə “ay-ulduzlular”ın zəif çıxışı ilə yadda qaldı:
''Çünki ilk hissənin 20 dəqiqəsini 10 nəfərlə oynamasına baxmayaraq, Çexiya Türkiyəyə "diş göstərdi". Ümumiyyətlə, Türkiyə millisində komanda oyunu və sistematik futbol yoxdur. Orada hər şey indivualdır. Yəni, futbolçuların şəxsi performansı Türkiyəni 8/1 final mərhələsinə daşıdı. Bu mərhələdə qrup ikincisi kimi çıxmaq olduqca möhtəşəm nəticədir. Lakin növbəti rəqib özünə əmin Avstriyadır komandasıdır. Böyük ehtimal, onlar yarım finalı fikirləşirlər. Bir sözlə,möhtəşəm oyun göstərirlər. Fikrimcə, Avstriya komanda oyunu cəhətdən Türkiyədən iki dəfə üstündür. Türkiyənin Avstriyanı məğlub etməsi qismətə bağlıdır. İnanmıram ki, türklər hazırkı oyun taktikası ilə Avstriyaya qalib gəlsin. Ona görə də Türkiyə üçün bu mərhələ çox çətin olacaq. Lakin performanslı oyunçuların sayəsində nəsə etmək mümkündür".