Abşeron rayonunun Saray qəsəbəsində elektrik enerjisi ilə bağlı yaranan problem sakinlərin səbrini tükədib. Yayın qızmar günlərində insanlar saatlarla, bəzən isə gün ərzində dəfələrlə elektrik enerjisinin zəifləməsi və gərginliyin aşağı düşməsi ilə üz-üzə qalırlar. Ən acınacaqlısı isə odur ki, sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmır.
Saray qəsəbəsinin, xüsusilə Cəlal Əliyev küçəsinin sakinləri bildirirlər ki, evlərə verilən elektrik enerjisinin gərginliyi normal səviyyədə deyil. 220 voltluq enerji təmin edilmədiyi üçün evlərdə lampalar tez-tez “göz vurur”, məişət texnikası normal işləmir, kondisionerlər isə lazımi gücdə çalışmır.
Yayın bu cırhacırında kondisionerin işləməməsi isə artıq sadəcə məişət narahatlığı deyil. Söhbət insanların sağlamlığından, rahatlığından və gündəlik həyatından gedir. İsti havada evində kondisionerini işə sala bilməyən sakin nə etməlidir? Pəncərəni açıb isti havaya dözməlidir, yoxsa elektrik təminatına cavabdeh qurumların problemi nə vaxt həll edəcəyini gözləməlidir?
“Pulunu vaxtında ödəyirik, bəs xidmət haradadır?”
Sakinlərin narazılığı yalnız elektrik enerjisinin zəif olmasından ibarət deyil. Onları daha çox xidmət göstərən qurumların məsuliyyətsizliyi və müraciətlərə biganə münasibəti qəzəbləndirir.
Sakinlər deyirlər ki, elektrik enerjisinin pulunu hər ay ödəyirlər. Hətta borc cəmi bir neçə qəpik olduqda belə, abonentin işığının kəsilməsi üçün sistem dərhal işləyir. Ancaq məsələ vətəndaşın haqqına gəldikdə, eyni operativlik görünmür.
Bir neçə qəpik borca görə işığı kəsməyi bacaran qurum niyə vətəndaşa keyfiyyətli elektrik enerjisi verməyə gələndə susur?
Vətəndaş öz öhdəliyini yerinə yetirirsə, qarşılığında normal xidmət tələb etmək onun ən təbii haqqıdır. İnsanlardan hər ay ödəniş tələb etmək, borca görə sərt tədbir görmək mümkündürsə, bəs niyə vətəndaşın aldığı xidmətin keyfiyyətinə görə məsuliyyət daşımaq məsələsində bu sərtlik yoxdur?
Məişət texnikası sıradan çıxır, zərəri kim ödəyəcək?
Elektrik enerjisində gərginliyin normadan aşağı olması və tez-tez dəyişməsi təkcə işıqlandırma probleminə səbəb olmur. Bu vəziyyət soyuducu, kondisioner, televizor, kompüter, paltaryuyan maşın və digər elektrik cihazlarının sıradan çıxmasına gətirib çıxara bilər.
Belə olan halda ortaya çox ciddi sual çıxır:
Sakinlərin məişət texnikasına dəyən zərəri kim qarşılayacaq?
Bir vətəndaş aylarla, illərlə qənaət edib aldığı kondisionerin və ya soyuducunun elektrik enerjisindəki problem səbəbindən sıradan çıxması ilə üzləşirsə, bunun məsuliyyəti kimin üzərinə düşür?
Sakinlərin sözlərinə görə, problem barədə aidiyyəti qurumlara müraciətlər edilsə də, nəticə yoxdur. İnsanlar isə haqlı olaraq soruşurlar: Onların şikayətinə baxılması üçün daha nə baş verməlidir?
XXI əsrdə belə elektrik problemi yolverilməzdir!
Bu gün texnologiyanın, rəqəmsallaşmanın və müasir infrastrukturun inkişafından danışılır. Ölkənin müxtəlif bölgələrində yeni layihələr həyata keçirilir, yaşayış məntəqələrinin infrastrukturu yenilənir.
Amma bütün bunların fonunda bir qəsəbənin sakinlərinin evində normal 220 volt elektrik enerjisi əldə etmək üçün mübarizə aparması ciddi suallar doğurur.
Bu, sadəcə texniki nasazlıq kimi təqdim edilərək üzərindən keçiləcək məsələ deyil. Söhbət insanların gündəlik həyatına birbaşa təsir edən kommunal xidmətdən gedir.
Saray sakinləri elektrik enerjisinə görə pul ödəyirlər. Onlar güzəşt istəmirlər, kimdənsə lütf gözləmirlər. Sadəcə ödədikləri pulun qarşılığında normal və təhlükəsiz elektrik enerjisi tələb edirlər.
Aidiyyəti qurumlar isə nəhayət, sakinlərin səsini eşitməli, Cəlal Əliyev küçəsində və problemin yaşandığı digər ərazilərdə elektrik şəbəkəsinin vəziyyətini araşdırmalı, gərginlik probleminin səbəbini müəyyənləşdirməli və konkret tədbir görməlidirlər.
Çünki vətəndaşdan pul tələb etmək asandır. Əsas məsələ həmin vətəndaşa verdiyin xidmətin keyfiyyətinə görə məsuliyyət daşımaqdır.
Saray sakinlərinin sualı isə çox sadədir:
Pulunu vaxtında ödəyən vətəndaşa niyə normal elektrik enerjisi verilmir?
Bu suala cavab verilməli və problem təcili şəkildə aradan qaldırılmalıdır. Əks halda “kommunal xidmət” adı altında vətəndaşdan ödəniş tələb edib, qarşılığında yarımçıq xidmət göstərilməsi ciddi narazılığın daha da böyüməsinə səbəb olacaq.