Cənub Qaz Dəhlizi layihəsi tarixi hadisədir

Uzunmüddətli perespektivdə layihə tərəfdaş ölkələr üçün daha da cazibədar olacaq

"Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb".

Bu barədə "Sherg.az"a millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, 2014-cü ildən inşa edilməyə başlayan və cəmisi altı ildə tikintisi başa çatdırılan 3500 km.lik bir kəmərin belə qısa müddətdə istismara verilməsi mühüm hadisədir:

"Söhbət heç də sadəcə adi bir enerji layihəsindən getmir. Xəzər, Qara  Dəniz, Aralıq Dənizi və Adriatik dənizləri kimi çox geniş və mühüm bir ekvatoriyada uzunmüddətli və tamamilə yeni formatda bir əməkdaşlıq platformasından gedir. Hazırda şahidi olduğumuz geostrateji reallıqlar ondan ibarətdir ki, heç də bütün dövlətlər öz milli resurslarını milli məqsədləri həyata keçirmək üçün realizə edə bilmir. Bəzi dövlətlərdə sabitlik və  əməkdaşlıq faktoruna çevirilən karbohidrogen ehtiyatları belə ehtiyatalara sahib olan digər çoxsaylı ölkələrdə dağıdıçı faktora çevirilir. Məsələn Şimali Afrika və Yaxın Şərqin, eləcə də Latın Amerikası ölkələrinin böyük əksəriyyətində neft-qaz ehtiyatları rəqabət və qarşıdurma faktoruna çevirilib. Azərbaycan isə öz ehtiyatlarından milli dövlətini və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacarıb. Dolayısıyla regional və qlobal müstəvidə bir  çoxlarının edə bilmədikləri uğurları əldə edib. Məsələn, Cənub Qaz Dəhlizi layihəsinə qədər "Nabucco" və s. digər adlarda bir çox bənzər layihələrin həyata keçirilməsi ideyaları olsa da bunların heç biri baş tutmadı. Sadəcə Azərbaycan öz tərəfdaşları ilə 21-ci əsrin layihəsi hesab edilən belə bir layihəni həyata keçirməyə müvəffəq oldu".

H.Babaoğlu xatırladıb ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında layihənin gələcək perespektivləri ilə bağlı mühüm istiqamətlərə toxunuldu:

"Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin perespektivi haqqında danışarkən bildirdi ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi hadisədir. Yeni planlar layihəni təmin edən mənbələrin və onu tərəfdaş ölkələrə çatdıran marşurutların şaxələndirilməsi və beləliklə tərəfdaş ölkələrin sayının daha da çoxalacağı haqqında idi. Bu istiqamətdə isə İonik-Adriatik yaxud Qərbi Balkan istiqamətində görüləcək işlərlə bağlı qəbul ediləcək qərarlar idi. Nəzərə alsaq ki, Qərbi Balkanlar artıq Mərkəzi Avropa iiə kəsişir, o zaman layihənin Cənubi Avropadan Mərkəzi Avropaya qədər uzana biləcəyi qənaətini də ifadə edə bilərik. Bütün bunlar isə layihənin əhəmiyyətininin və tərəfdaş ölkələrin sayının gələcək də daha da artması deməkdir. Ayrıca bir məsələ bu tərəfdaşlıq  prosesində Azərbaycanın özünün istehsalçı ölkədən həm də tranzit ölkəyə çevirilməsi hadisəsidir. Prezident İlham Əliyev qeyd etdi ki , qardaş Türkmənistanla birlikdə istismar ediləcək "Dostluq" yatağından əldə ediləcək resuslar artıq Azərbaycana həm də tarnzit ölkə statusu qazandırmış olacaq. Ancaq bu istiqamətdə şübhəsiz ki, daha yeni və fərqli perespektivlər də var. Bütün bunlar isə uzunmüddətli perespektivdə layihəni mənbə ölkə və tərəfdaş ölkələr üçün daha da cazibədar edir".