Bakıda torpağın qiyməti qalxıb

Rauf Qarayev:"Torpağın qiymətinin qalxması cüzi şəkildə əmlak bazarına təsir edə bilər"

Bakıda torpaq bazarında qiymətlər artıb. Ekspertlər bildirir ki, yanvar ayında Bakıda torpaq sahələrinin qiymətində 3.5 faiz artım olub. Ötən illə müqayisədə isə 10.76 faiz azalma müşahidə edilib. 

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Rauf Qarayev qeyd edib ki, əvvəllər torpağın mülkiyyəti ilə evin mülkiyyətçisi fərqli-fərqli xüsusiyyətə malik idi: "Misal üçün, deyək ki, siz müəyyən bir torpaq üzərində ev tikdirmək istəyirsiniz. Bu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun mülkiyyətinə dair sənəd alınmalı idi.

Daha sonra o torpağın yararlı olub-olmaması ilə bağlı qiymətləndirmə aparılırdı. Əgər yararlı deyildisə, o halda həmin torpağın üzərində ev tikmək olardı.

Tikdirilən ev üçün dövlət qeydiyyatından ayrı sənəd alınmalı idi. Bu baxımdan da artıq gələcəkdə torpağı ayrı, evi ayrı və ya birlikdə satmaq mümkün olur. Amma indi torpağı bələdiyyədən alırlar.

Yəni əkinə yararlı olmayan kənd təsərrüfatı torpaqları üçün artıq bələdiyyə qeydiyyatı mövcuddur. Bundan sonra artıq torpağın kadastır xidməti, yəni onun həqiqətən də məhsuldar və ya əkinə yararlı olub-olmadığını yoxlayır.

Ola bilər ki, bələdiyyə torpağı əkinə yararlı olduğu halda, onu yararsız kimi qeyd edib. Artıq gələcəkdə bu problem olmasın deyə  xidmət indi bunu yerindəcə yoxlayır". 

R.Qarayev qeyd edib ki, elə hallar olur ki, bələdiyyə vətəndaşa torpağı saxta sənədlə satır:

"Nəticədə vətəndaş verdiyi pulu ala bilmir. Məsələ məhkəməyə qədər gedib çıxır. Bu baxımdan vətəndaşlar diqqətli olmalıdır. Bu gün torpaqla bağlı proses reyestr xidmətinə gəlib çatdıqdan sonra ona dair bir çıxarış verilir. Orada evin kvadratı,  torpağın sotu qeyd olunur. Nəticədə vətəndaş artıq evi torpaqla birgə satır.

Burada torpağın baha olması önəmli deyil, əsas yerləşmə məntəqəsi və sahəsi rol oynayır. Vergi Məcəlləsinin 203.1. maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.

Qanuna əsasən, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Bakı şəhərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) 10000 m²- dək olduqda və 10000 m²- dən yuxarı olan hissə üçün qiymətlər digər regionlardan fərqlidir.

Bu baxımdan torpağın qiymətinin qalxması cüzi şəkildə əmlak bazarına təsir edə bilər. O da alqı-satqı zamanı ödənilən rüsumlar çərçivəsində mümkündür".