Qarabağda sənaye parkının yaradılması yeni iş yerləri deməkdir

“Qarabağda sənaye parklarının yaradılmasının və istifadəyə verilməsinin tez bir zamanda şahidi olacağıq”. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri bildirib ki, “Regionların sosial - iqtisadi inkişafına dair” Dövlət Proqramlarının uğurla həyata keçirilməsi yeni tələblər qarşıya qoyur. Regionların iqtisadi-sosial həyatında əsaslı dəyişikliklər yaratmağı zərurətə çevirir: “Yerlərdə imkan və şəraitin olması, işıq, su, yol, qaz problemlərinin demək olar ki, aradan qaldırılması bu gün əvvəlki illərdən fərqli olaraq daha mütərəqqi, əhatəli tədbirlərin yerinə yetirilməsini, sənaye parklarının, məhəllələrinin, aqroparkların, emal və sənaye müəssisələrinin meydana gəlməsini şərtləndirir”.

T.Rzayev vurğulayıb ki, Hacıqabul sənaye məhəlləsinin istifadəyə verilməsi də bu baxımdan xarakterikdir və günün reallıqlarını özündə əks etdirir: “Dövlət başçısı həm də fərəhlə və qətiyyətlə bildirdi ki, Qarabağ zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələlərin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları işlə təmin edək, həm də ki, bu zonanın potensialından maksimum istifadə edək”.

Məsələni “Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, Azərbaycanda sənaye parkları yaradılarkən iqtisadi faydası və riskləri mütəxəssislər tərəfindən dəqiqliklə müəyyən olunub. Ekspertin sözlərinə görə, sənaye parklarının iqtisadi dövriyyəyə buraxılması və bundan konkret olaraq mənfəət əldə olunması uzunmüddətli və ağrılı proses ola bilər. Ancaq bir az səbirli olsaq, yaxın müddətdə sənaye məhəllələri, parkları institutial gəlir mərkəzinə çevriləcək:

“Bu istiqamətdə təcrübəyə malikik. Artıq istehsal prosesindən iqtisadi dövriyyəyə cəlb etməyə keçidi müşahidə edirik. Məhsullarda ixrac potensialının faizi yüksək olmasa da, xüsusi çəkisi haqqında müəyyən müsbət fikirlər söyləyə bilirik. Sənaye parklarının gələcəkdə Qarabağda, işğaldan azad edilmiş torpaqlarımızda tətbiqi mütləqdir və vacibdir.

Çünki işğaldan azad olunmuş torpaqlarımızda birbaşa qeyri-neft sektorunu əhatə edəcək sahələr inkişaf etdirilməlidir. Gen-bol əkin sahələri, münbit torpaqlar, zəngin təbii sərvətlər və sənaye mühiti baxımından Qarabağ çox əlverişli coğrafiyaya malikdir. Sənaye parklarının Qarabağda yaradılması ilk növbədə yeni iş yerlərinin yaranması deməkdir. Digər mühüm məqam isə xammalla zəngin torpaqlarda birbaşa istehsal prosesinin başlanmasıdır.

Bu da əlavə daşınma xərclərindən xilas olmaq anlamına gəlir. Yəni bu addımı kompleks şəkildə bir çox istiqamətdə əlverişli hesab etmək olar”.