Azərbaycan regionun nəqliyyat qovşaqlarının habına çevrilir 

Zəngilandan Naxçıvana çəkiləcək dəmir yolu gediş-gəlişi asanlaşdıracaq

Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulduğunu və bu dəmiryolunun Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcəyini bəyan edib. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq. Artıq dəmiryolunun inşaatı ilə bağlı işlər gedir. 



Mühüm layihə ilə bağlı fikirlərini bölüşən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq. Deputatın sözlərinə görə, vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər:

“Bərpa və yenidənqurma prosesindən sonra işğaldan azad olunan ərazilərimizə getmək istəyənlərin sayının çox olacağını nəzərə aldıqda bu nəqliyyat infrastrukturunun üstünlüklərini təsəvvür etmək çətin olmaz. Dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir.

Birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq”. 

V.Bayramov vurğulayıb ki, dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir:

“Bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq. Zəngəzur dəhlizi ilə yalnız dəmiryolu deyil, eyni zamanda avtomobil yolunun da istifadəyə veriləcəyi gözlənilir”.