"Dövlətin ayırdığı vəsait yetərli deyil"

Razi Nurullayev: "Bu vəsaitlə sadəcə təşkilatı ayaqda saxlamaq mümkündür"

"Partiyalara qoşulan vətəndaşların sayı çox azdır. Hansısa iş adamı, biznesmen də siyasi təşkilata üzv olaraq onu maliyyələşdirmək marağında deyil"


2021-ci ilin ikinci rübü üzrə 10 siyasi partiyaya vəsait ayrılıb. Maliyyə Nazirliyindən bildirilib ki, Milli Məclisdə təmsil olunan 10 siyasi təşkilata ümumilikdə 948,4 min manat məbləğində vəsait ödənilib. Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” qanunun 17-1-ci maddəsinə uyğun aparılır. Məlumat üçün deyək ki, cari ilin birinci rübündə də partiyalara vəsait ödənilib. İlin əvvəlində siyasi qurumlar ümumilikdə 857,5 min manat məbləğində pul alıblar. Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən 4 milyon manat vəsait nəzərdə tutulub. Ayrılan vəsait rüblər üzrə partiyalara təqdim olunur. 

Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev “Şərq”ə deyib ki, Azərbaycanda partiyaların üzvlük haqqından, kənardan gələn ianələrdən formalaşması üçün siyasi şərait yoxdur. Deputatın sözlərinə görə, insanlarımızın könüllü olaraq hansısa siyasi partiyaya pul köçürmək həvəsləri yoxdur:

"Partiyalara qoşulan vətəndaşların sayı çox azdır. Hansısa iş adamı, biznesmen də siyasi təşkilata üzv olaraq onu maliyyələşdirmək marağında deyil. Belə şəraitdə siyasi partiyalar necə fəaliyyət göstərə bilər?! Respublika üzrə fəaliyyət göstərən partiyalar üçün dövlət büdcəsindən ayrılan vəsait sadəcə təşkilatı ayaqda saxlamaq üçün yetərlidir. Yəni nəzərdə tutulan vəsait qənaətbəxş deyil. Amma yenə də şükürlər olsun ki, verilir. Bu vəsaitlə partiyanın mərkəzi Aparatını saxlamaq olur, gündəlik xərcləri qarşılayırıq, əməkdaşlara kiçik də olsa maaş veririk, zəruri avadanlıq, kompüter və s. alırıq. Həm də rayon şöbələrinə müəyyən ianələr verə bilirik. Ayrılan vəsait partiyanın inkişafı və fəaliyyəti üçün bir stimuldur, motivasiyadır. Vəsaitin partiyalara rüblük təqdim olunması da çox məqbul variantdır. Hətta aylıq verilsə daha yaxşı olar”.