Şuşada təkcə turizmə bel bağlamaq olmaz

"Şəhərdə sənaye də olmalıdır. Əhalinin hamısı turizm və mədəniyyət mərkəzlərində işləyə bilməz"


Şuşa Azərbaycanın tarixi-mədəni mərkəzlərindən biri olmaqla yanaşı, həm də gözəl təbiəti ilə seçilir. Hələ sovet dövründə bölgədə yaradılmış kurort zonalarına, istirahət və əyləncə guşələrinə minlərlə turist axın edirdi. Qarabağın təmiz havası, müalicəvi suları bu şəhəri daha cəlbedici hala gətirirdi. “Şuşa sanatoriyası”, İsa bulağı, Turşsu, Soyuqbulaq, Yüzbulaq, Qırxbulaq, Çarıqbulaq və digər turizm məskənləri xüsusilə seçilirdi. Şuşada ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib. Bura həm də müalicə məqsədilə gəlirdilər. Quru və saf havası ağciyər, astma, nəfəs borusu xəstəliklərindən əziyyət çəkənlər üçün əvəzsiz idi.

Şuşanın əsas gəlir mənbəyi isə turizm biznesi hesab olunurdu. Rayon iqtisadiyyatında heyvandarlıq da əsas yer tuturdu. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektara yaxın idi. Əsasən, dənli və paxlalı bitkilər, buğda, arpa, qarğıdalı, bostan və kartof əkilirdi. Meyvəçiliklə və quşçuluqla da məşğul olunurdu.

Bununla yanaşı, Şuşada şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, məişət xidməti kombinatı, toxuculuq sexi və s. var idi. Təəssüf ki, 30 ilə yaxın işğal dövründə Şuşa talan edildi. Tarixi, mədəni abidələr, eləcə də təbii resurslar amansız istismara məruz qaldı.

Ancaq 28 ildən sonra ilahi-ədalət qalib gəldi və Azərbaycan Ordusu yağı düşməni “iti qovan kimi” Qarabağdan, eləcə də Şuşadan qovdu. Artıq Şuşa başda olmaqla, işğaldan azad olunan şəhər, rayon və kəndlərimizdə çox sürətlə tikinti-bərpa işləri aparılır.

Əsas məqsəd Şuşanın keçmiş şöhrətini bərpa etmək, şəhəri hərtərəfli yüksəltməkdir. İlkin planlarda nəzərdə tutulur ki, Şuşa şəhərində mədəniyyət tədbirləri və festivallar keçirilsin və turizm daha çox inkişaf etdirilsin. 



“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə bildirib ki, Qarabağın iqtisadi potensialı, o cümlədən turizm imkanları böyükdür. Ekspertin sözlərinə görə, Şuşanı mədəni mərkəz və sanatoriya şəhəri kimi saxlamaq və inkişaf etdirmək məqsədəuyğundur. Lakin şəhərdə sənaye də olmalıdır:

“Şəhər əhalisinin hamısı turizm və mədəniyyət mərkəzlərində işləyə bilməz. Bu səbəbdən bəzi kiçik ekoloji sənaye sahələri inkişaf etdirilə bilər. Məsələn, xalçaçılıq, ipəkçilik, tekstil və ərzaq sənayesi, suvenir istehsalı sexləri, gündəlik tələbat malları istehsalı üzrə kiçik müəssisələrin olması faydalıdır. Şəhər yaxınlığında isə bəzi iri fabriklər və zavodlar tikilməlidir. Aqroparklar da salına bilər. Burada yüngül və yeyinti sənayesinin inkişafı üçün potensial güclüdür”. 

E.Bayramlı hesab edir ki, turizm heç də etibarlı sahə deyil:

“Təkcə ona ümidli olaraq iqtisadiyyat qurmaq olmaz. Pandemiya dövründə gördük ki, turizm ölkələri böyük zərərə düşdülər və ciddi problemlərlə qarşılaşdılar. Buna görə də alternativ sahələri inkişaf etdirmək lazımdır.

Təbii ki, ekoloji mühitə zərər vurmayan sənaye sahələrini də dirçəltməliyik. Aqrar sahədə isə potensial genişdir. Meyvəçilik, bağçılıq, tərəvəzçilik, baramaçılıq, taxçılçılıq və s.

Heyvandarlıq sahəsi də gəlirli və ekoloji təmiz sahədir. Sovet dövründə məhz bu sahələr yaxşı inkişaf etmişdi, onları bərpa etmək üçün hər cür imkanlar var”.