Azərbaycanın xaricdən asılılığını azaltmaq mümkündür


"Taxıl məsələsində iki önəmli faktor hələ də həllini tapmayıb"

Respublikada taxıl biçini davam edir. Bu günə qədər 315799 hektar sahədən 971 min 747 ton məhsul yığılıb. İyunun 17-nə olan operativ məlumata görə, artıq 315799 hektar sahədə biçin başa çatıb. Sahələrdən 971747 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir. Ağdam, Balakən, İmişli, Saatlı, Salyan, Sabirabad, Samux və Tərtər rayonlarında arpa üzrə orta məhsuldarlıq 39 sentnerdən yuxarıdır. Bəs bu göstərici Azərbaycanın gələcəkdə taxıl ehtiyacını ödəyə biləcəkmi?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, son zamanlar fiziki olaraq Azərbaycanda taxıl istehsalının artımı müşahidə olunur. Ekspert qeyd edib ki, amma bununla bağlı bir sıra problemlər hələ də qalmaqdadır:

"Əsasən Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti ilə bağlı problemlər var. Ölkəmizdə istehsal olunan taxılın birbaşa un məmulatlarının istehsalında istifadə edilməsi demək olar ki, mümkünsüzdür. Həm klikavin, həm də keyfiyyət problemlərinin olması dövlətimizi xaricdən buğda almağa möhtac edir. Azərbaycan daha çox Rusiya, Qazaxıstan və Ukraynadan son zamanlar buğdanın alınması ilə bağlı  müqavilələr bağlamağa məhkumdur. Çünki ordan alınan taxılın keyfiyyəti daha yüksəkdir". 

Ekspert vurğulayıb ki, Azərbaycanda taxıl məsələsində iki önəmli faktor hələ də həllini tapmayıb:

"Birincisi, biz xaricdən hələ də asılıyıq. Kifayət qədər böyük həcmdə xaricdən keyfiyyətli taxıl almağa məcburuq. Xaricdəki qiymət dəyişikliklərini nəzərə alsaq, bu, Azərbaycan daxilində də qiymətlərin dəyişməsinə və bahalaşmasına səbəb olur. İkincisi, Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti və kəmiyyəti, yəni həcm olaraq  hər hektardan alınan taxılın məhsuldarlığı hələ də aşağı səviyyələrdə qalır. Ona görə də ölkəmizdə seleksiya işləri gücləndirilməlidir. Bundan başqa  Azərbaycan torpağına uyğun olaraq daha keyfiyyətli məhsul əldə etmək üçün yeni  taxıl növlərinin əkilməsinə ehtiyac var. Həmçinin, onların aqrotexniki qaydalara uyğun olaraq  qulluq edilməsinə daha ciddi fikir verilməlidir. Bu problemlər həllini tapsa, bir müddətdən sonra Azərbaycanın xaricdən taxıl məsələsində asılılığı kifayət qədər ciddi şəkildə azala bilər".