Borclu borclunun sağlığını istər

Azərbaycanda pandemiya ilə mübarizəyə milyonlarla kredit almağa ehtiyac yox idi

"Azərbaycan hökumətinə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əlavə yardım vəsaiti, yaxud da kredit ayıran təşkilatlar bununla ilk növbədə öz beynəlxalq reytinqlərini qorumağa çalışırlar"


ABŞ USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) vasitəsilə Azərbaycan hökumətinin COVID-19 pandemiyası ilə mübarizə səylərinə dəstək məqsədilə əlavə 1 milyon ABŞ dolları miqdarında vəsait ayırıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Şamaxıda üç səyyar klinikanın təhvil verilməsində iştirak etdiyi zaman bildirib. O bildirib ki, əlavə vəsait Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına (BQXQAC) verilib. Səfir qeyd edib ki, ABŞ çətin dövrlə üzləşdiyi zamanda Azərbaycana davamlı dəstək göstərməyə sadiq qalır: “Yalnız əl-ələ çalışmaqla biz COVID-19-a qalib gələ bilərik” .

Həmçinin, Asiya İnkişaf Bankı da Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə Azərbaycan hökumətinə 250 mln. ABŞ dolları həcmində kredit xəttini təsdiqləyib. Bu barədə bankın açıqlamasında qeyd olunur. Kredit vəsaitinin ayrılmasıyla bağlı danışan AİB-nin prezidenti Masatsuqu Asakava bildirib ki, COVID-19 pandemiyasının davam edən təsirləri Azərbaycanın iqtisadiyyatı yaxşılaşdırmaq və yoxsulluğu azaltmaq üçün əldə etdiyi əhəmiyyətli irəliləyişə təhdiddir. "AİB Azərbaycanı dəstəkləməyə tam sadiq qalır və bu proqram hökumətə pandemiya ilə mübarizə tədbirlərini davam etdirməyə, yoxsul və həssas insanları qorumağa və iqtisadi bərpa üçün zəmin yaratmağa kömək edəcək", - deyə AİB-nin prezidenti qeyd edib. Kredit AİB-nin Kontraktiklik Dəstək Müəssisəsi nəzdində COVID-19 pandemiya cavab seçimi (CPRO) vasitəsi ilə maliyyələşdirilir. CPRO inkişaf etməkdə olan üzv ölkələrin pandemiyaya cavabı üçün AİB-nin 20 mlrd. dollarlıq genişləndirilmiş yardımının bir hissəsi olaraq yaradılıb. 

Hazırda Asiya İnfrastruktur İnvestisiya Bankı, CAREC Proqramı ilə birlikdə hökumətin pandemiya reaksiyasını dəstəkləmək üçün İdarə Heyətinin təsdiqinə əsasən 100 mln. dollarlıq birgə maliyyələşdirmə kreditinin ayrılması üzərində çalışır.

Azərbaycana ayrılan əlavə vəsait və kreditlər hansı istiqamətdə xərclənəcək, necə yönləndiriləcək? 

İqtisadçı-ekspert Fuad İbrahimov “Şərq”ə açıqlamasında yardım və kredit mexanizminin fərqli olduğunu bildirib: 

- Bir var, yardım, bir də var kredit. Yardım təmənnasızdır və geri qaytarılmır. Amma kreditlərin verilmə mexanizmi olduğu kimi qaytarılma mexanizmləri də mövcuddur. Bu da kredit verən təşkilatın təsdiqlədiyi qaydalara bağlıdır. Məsələ burasındadır ki, Azərbaycanın kredit siyasəti dəyişib. Azərbaycan kifayət qədər maliyyə dayanıqlı ölkəyə çevrilib və özü investor kimi çıxış edir artıq. Bu sahədə ilk “pioner” SOCAR oldu. Və investor kimi çıxış etdi. Bir çox layihələr də icra edilib və edilməkdədir. Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilibsə, bizə təklif olunan kreditləri dəqiq dəyərləndirməli, müsbət-mənfi tərəflərini müəyyənləşdirməlidir ki, ziyana düşməsin. Çünki bir neçə il əvvələdək kredit layihələri ilə bağlı ölkədə vəziyyət yaxşı deyildi. Şirkətlər kredit alır, sonra da məlum olurdu ki, onu təyinatı üzrə xərcləməyiblər. Bu da hökumətə problem yaradırdı. Ona görə də investor ölkə kimi biz təklif olunan kreditləri ətraflı qiymətləndirməliyik. Məsələn, hazırda Ələt İqtisadi Zonasına xarici investorları, transmilli şirkətləri cəlb etməli, onların bu iqtisadi zonaya yatırım qoymağa dəvət etməliyik. Düşünülmüş şəkildə bunu etməliyik. Bizim kortəbii kreditlərə ehtiyacımız yoxdur. Azərbaycan hökumətinə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əlavə yardım vəsaiti, yaxud da kredit ayıran təşkilatlar bununla ilk növbədə öz beynəlxalq reytinqlərini qorumağa çalışırlar. Yəni bu yardım və kreditlər daha çox onların öz nüfüzunun möhkəmlənməsinə yönəlmiş addımlardır.  Çünki Azərbaycanın bu yardımlara fundamental ehtiyacı yoxdur. Sadəcə, beynəlxalq təşkilatlarla əməkdaşlığın davamlığı, əlaqələrin genişlənməsi baxımından gərəkli hesab edilə bilər. 

F.İbrahimov pandemiya ilə mübarizə səylərinə dəstək məqsədilə ayrılan yardım və kreditlərin təyinatı üzrə xərclənəcəyini bildirib: 

- Şübhə yoxdur ki, bu vəsaitlər pandemiyadan zərərçəkən sahələrin dirçəldilməsinə, pandemiya ilə mübarizə tədbirlərinin güclənməsinə sərf olunacaq. Biz onsuz da müşahidə etdik ki, pandemiyanın ilk mərhələsində Azərbaycan hökuməti adekvat addımlar atdı, sosial yönümlü layihələr icra etdi. Pandemiyanın zərərlərini minimuma endirmək istiqamətində real işlər gördü. Yeni xəstəxanaların, modul tipli xəstəxanaların açılması, pandemiyadan zərər çəkənlərə maliyyə yardımlarının göstərilməsi buna misaldır. Vəsaitlərin təyinatı üzrə xərcləndiyi gözəçarpan səviyyədədir. Pandemiyaya qarşı tədbirlər bu gün də davam edir. Vaksinlərin alınıb ölkəyə gətirilməsi və əhalinin vaksinasiyaya cəlb edilməsi prosesi gedir. Azərbaycan pandemiyanı daha az ağrılı və elastik keçirir. Burda xalqın dözümlülüyü də rol oynayır. Odur ki, beynəlxalq təşkilatlar və bankların ayırdığı yardım və kreditlərin də təyinatı üzrə sərf olunacağına şübhə qalmır. Son olaraq bunu deyim ki, Azərbaycan hökuməti pandemiya ilə mübarizə aparmağa iqtisadi gücü yetən ölkədir. Heç bir ölkəyə, təşkilata yardım üçün müraciət də etməyib. Hələ az inkişaf ölkələrə özü yardım edir. Yaxşı olar ki, beynəlxalq təşkilatlar az inkişaf etmiş ölkələrə, ehtiyacı olanlara təmənnasız yardım göstərsinlər.