Qarabağa turizm marşrutlarından biri "Əli və Nino" adlanacaq


Vüqar Bayramov deyir ki, bu, Azərbaycanın təqdimatı baxımından olduqca vacibdir

Qarabağla bağlı bir neçə tematik marşrut üzərində çalışırıq. Bunu  Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova deyib. Onun sözlərinə görə, bunlardan biri Qafqaz Albaniyası ilə bağlıdır: "Bu marşrut Azərbaycanın 3 əsas koridorunu, Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və əsas da Qarabağı əhatə edir. Bildiyiniz kimi Qarabağda Qafqaz Albaniyası ilə bağlı zəngin irs var. Bura məbədlər, kilsələr, həmçinin adətlər və s. daxildir.
Alban mədəniyyəti islamaqədərki dövrü əhatə edən böyük bir mədəniyyətdir. Layihə artıq tamamlanmaq üzrədir. Bunu Qafqaz Albaniyasını öyrənmiş alimlərlə birgə hazırlayırıq. Qısa zamanda ictimaiyyətə təqdim edəcəyik". Ş.Həsənova onu da qeyd edib ki, Qarabağı əhatə edən digər bir turizm marşrutu isə "Əli və Nino" olacaq.

Milli Məclisin deputatı Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, Qarabağ turizm potensialı baxımından seçilən bölgələrdən biridir.

Millət vəkili qeyd edib ki, Qarabağda həm turizm marşrutlarının yaradılması, həm də işğaldan azad olunmuş ərazilərimizdə yeni turizm mərkəzlərinin formalaşdırılması nəzərdə tutulub: "Bu günləri vacib məqamlardan biri Şuşa, Kəlbəcər, Ağdam və s. işğaldan azad olunmuş digər rayon və şəhərlərimizdə daxili turizmin inkişaf  etdirilməsinə nail olmaqdır. Turizm marşrutlarından birinin "Əli və Nino" adlandırılması isə olduqca mühümdür. Çünki Əli və Ninonun tanınmasını nəzərə alsaq, bu, Azərbaycanın təqdimatı baxımından olduqca vacibdir. Bu baxımdan marşruta əcnəbi turistlərin cəlb edilməsi üçün yeni imkanlar yaradılacaq. Ümumiyyətlə, belə marşrutlar bütövlükdə bölgənin inkişafı və turizm potensialının reallaşması baxımından vacibdir".