Yaxın illərdə Qarabağda 10 minlərlə iş yeri açılacaq

Hazırda Füzuli beynəlxalq hava limanında 500 Azərbaycan vətəndaşı çalışır

İşğaldan azad edilmiş Füzuli şəhərində beynəlxalq hava limanının təməli 2021-ci ilin yanvar ayında Prezident İlham Əliyev tərəfindən qoyulub. Hava limanında tikinti və quraşdırma işləri sürətlə aparılır və ilin sonunadək ilk reysin yerinə yetirilməsi planlaşdırılır. Artıq ilk sınaq uçuşları da həyata keçirilib. Beynəlxalq aeroportda 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı olacaq. Təyyarələrin enişi iki tərəfdən də təmin ediləcək. Yəni 27 illik işğal müddətində erməni vandalizmi nəticəsində xarabalığa çevrilmiş ərazidə bir neçə ay ərzində müasir standartlara uyğun beynəlxalq hava limanı fəaliyyətə başlayacaq. Qısa müddət sonra nəinki Bakıdan, hətta bir sıra fərqli dövlətlərin paytaxtlarından Qarabağa təyyarə ilə səfər etmək mümkün olacaq. Qarabağ Azərbaycan iqtisadiyyatının yeni drayverinə çevriləcək. 

Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Şərq”ə açıqlamasında deyib ki,  Füzuli aeroportu regionda ən qısa zamanda inşa edilən beynəlxalq hava limanlarından biridir. Deputatın sözlərinə görə, 4 aya yaxın müddətdə hava limanının ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub:

“Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə alaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidəki hava limanı imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər.

Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir”.

Parlament üzvü qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımından da vacib hesab olunur:

“Füzuli beynəlxalq hava limanında çalışacaq işçilərin seçimi ilə bağlı artıq vakansiya elan olunub. Hava limanının inşaatında 500 Azərbaycan vətəndaşı çalışır. Füzuli, Cəbrayıl və Zəngilana səfər edən zaman digər infrastruktur layihələrinin də intensiv həyata keçirildiyini müşahidə etdik. Həmin layihələrdə çalışanların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Məskunlaşma prosesi ilə yanaşı yeni iş yerlərinin yaradılması da əsas prioritetlərdəndir. Artıq rayonlar üzrə müqayisəli üstünlüyə malik olan sektorların qiymətləndirilməsi aparılır. Yaxın illərdə Qarabağda 10 minlərlə yeni iş yerinin yaradılacağı gözlənilir”.