Dövlət rüsumlarının məbləği dəyişdirilir

Natiq Cəfərli: "Dövlət rüsumlarının dəyişdirilməsi vətəndaşlara təsir göstərmir fikri tamamilə yanlışdır"

Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsi insanların həyatına heç bir mənfi təsir göstərməyəcək. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, Azərbaycanda hər bir vətəndaşın ödədiyi dövlət rüsumunun orta illik məbləği 35 manat təşkil edir ki, bu da vətəndaşın gəlirlərinin təqribən 0.5 faizini təşkil edir. 

T.Mirkişili bildirib ki, bəzi ölkələrdə bu məbləğ 8 faiz təyiq edilib. 15 il ərzində inflyasiya baş verib və bu rüsumların məbləği maya dəyərindən yuxarıdır. Komitə sədri vurğulayıb ki, Azərbaycanda rüsumlar 15 il bundan əvvəl müəyyən edilib. Bu baxımdan indiki halda rüsumların məbləğinin dəyişdirilməsi insanların həyatına mənfi təsir etməyəcək. Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, istənilən ölkədə, o cümlədən Azərbaycanda gömrük və dövlət rüsumları, yaxud da vergilərin artırılması birbaşa insanlara təsir göstərir. Ekspert qeyd edib ki, heç bir iş adamı, heç bir biznes strukturu artan rüsumları, vergi dərəcələrini öz cibindən ödəmir:

 "İstənilən halda rüsumlar artarkən, yəni fərq etməz, qeydiyyatla, gömrük rüsumları ilə bağlı olsun və yaxud da vergi dərəcələri ilə olsun, həmin xərclər mal və xidmətin üzərinə gəlir. 

Nəticə etibarilə də bu, vətəndaşın cibindən çıxır. 
Ona görə də dövlət rüsumlarının dəyişdirilməsi vətəndaşlara təsir göstərmir fikri tamamilə yanlışdır".