"Oteldən istifadəyə görə, Bakı öndədir"

Vüqar Bayramov: "Ölkəyə gələn hər 10 turistdən cəmi 2-si rayonlara üz tutub"

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 9 ayında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artaraq 1 milyon 340 min olub. Mehmanxanalardan istifadə səviyyəsi əvvəlki ilə müqayisədə artsa da pandemiyadan əvvəlki dövrlər ilə müqayisədə aşağıdır. Qeyd edək ki, pandemiyadan əvvəlki ildə - 2019-cu ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 345 min gecələmə qeydə alınmışdı.

 Bu barədə millət vəkili Vüqar Bayramov deyib ki, burada diqqəti çəkən digər məqam əcnəbi turistlərin daha çox Bakı şəhərinə üstünlük verməsidir: "Bu ilin ilk 9 ayında ölkəyə gələn turistlərin böyük əksəriyyəti rayonlara səfər etməyərək paytaxta üstünlük veriblər. Belə ki, əcnəbilərin keçirdiyi gecələmələrin 82,9 faizi Bakıda, 5,3 faizi Qəbələdə, 3,2 faizi Qusarda, 2,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,8 faizi Qubada, 1,6 faizi Şabranda, 1,3 faizi Naftalanda, 0,4 faizi Mingəçevirdə, 0,4 faizi Şamaxıda, 1,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Bu isə o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si rayonlara üz tutub. Bütövlükdə, əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,0 faiz azalaraq 241,0 min olub ki, bu da ümumi gecələmələrin 18,0 faizini təşkil edir. Ölkədə ümumi oteldən istifadədə Bakı öndədir. Gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda,   5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada və 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var”.