Yüz ölçüb, bir biçmək lazımdır

Tütün məmulatları ilə bağlı aksiz dərəcələrinin artırılması büdcəyə mənfi təsir edə bilər

Tütün məmulatları ilə bağlı aksiz dərəcələrinə yenidən baxılır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib. Nazir müavini bildirib ki, bununla bağlı iki istiqamətdə dəyişikliklər nəzərdə tutulur: “Birinci aksiz dərəcələri qaldırılır, ikinci isə markaların qeydiyyatına görə rüsumlar artırılır. 

Büdcəyə daxilolmada artımın çox hissəsi məhz bu dəyişikliklərdən gözlənilir. Bütün dünyada tütün məmulatlarına tətbiq edilən aksizlər, xüsusi yığımlar və s. ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə nəzər salsaq, Azərbaycan bu sahədə ən aşağı rüsum tətbiq edən ölkələrdəndir. Lakin biz sosial məsələləri də nəzərə alaraq, bu sahədə rüsumları kəskin şəkildə artırmırıq. Hesab edirəm ki, ən azından inflyasiya səviyyəsində bu rüsumların artırılması həyata keçirilməlidir”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov "Şərq"ə açıqlamasında vurğulayıb ki, dövlət büdcəsinə gəlirlərin məbləğini artırmaq məqsədilə bir sıra sahələr, mənbələr üzrə dövlət rüsumları artırılmaqdadır. Ekspert qeyd edib ki, bunlar gələn il qüvvəyə minəcək:

 "Rüsumların artırılması nəzərdə tutulan mənbələrdən biri də tütün məmulatları ilə bağlıdır. Bu rüsumların artırılması əlbəttə, dövlət büdcəsinin gəlirlərini artırmaq baxımından düzgün yanaşmadır, müsbət siyasətdir. Ancaq bu artımların həyata keçirilməsi zamanı ölkədə inflyasiya proseslərini, istehlak bazarındakı bahalaşmanın nəzərə alınması da olduqca mühüm şərtdir. Digər ölkələrdə bu sahədə analoji rəqəmlərə əsasən, Azərbaycanda mövcud rüsumların aşağı olduğu haqda fikir irəli sürüb və növbəti ildən rüsumları düşünülməmiş şəkildə, yəni əsassız olaraq yüksək səviyyədə artırmaq düzgün mövqe deyil. Yəni bu, dövlət büdcəsinin gəlirlərin artırmaq əvəzinə, əksinə, büdcə gəlirlərinin sözügedən mənbələr üzrə artımına, gəlirinə mənfi mənada təsir göstərə bilər. Belə deyək, "qaş düzəldən yerdə vurub gözünü çıxarda bilərik". Əgər söhbət büdcəyə mədaxili artırmaqdan gedirsə, rüsumların qaldırılması elə bir tərzdə həyata keçirilməlidir ki, bu, istənilən nəticəni versin və məqsədəuyğun olsun, eyni zamanda effektiv xarakter daşısın. Adətən, büdcə gəlirlərinin artırılması üçün rüsumların, vergilərin şaquli istiqamətdə deyil, üfüqi istiqamətdə artımının həyata keçirilməsi daha effektiv nəticə verir. Şaquli istiqamətdə istənilən halda vergi və rüsumların qaldırılması gəlirləri artırmaq əvəzinə onu azalda bilir. Yəni bu məqamı nəzərə almalıyıq". 

P.Heydərov qeyd edib ki, tütün məmulatları sayəsində büdcənin gəlirləri mühüm əhəmiyyət kəsb edir:

 "Çünki tütün ən çox tələbat duyulan məhsullardandır. Bu sahədə yerli istehsal da, idxal da var. Ona görə sözügedən mənbə üzrə rüsumların artırılmasında diqqətli olmaq vacibdir. Xüsusilə bu sahədə rüsumların hədsiz, düşünülməmiş şəkildə artımı büdcə gəlirlərinə müsbət yox, mənfi təsir göstərə bilər. Ona görə də bu sahədə olduqca ehtiyatlı siyasət yeritmək lazımdır. Biz illərdir ki, minik avtomobillərinin mühərrikinin həcminə görə rüsumların davamlı olaraq artırma siyasətini həyata keçiririk. Bunun nəticəsində ölkəyə avtomobil idxalı xeyli dərəcədə aşağı düşür. Təbii ki, burda əhalinin gəlirlərinin də azalması mühüm rol oynayır. Amma biz burada nəzərə almalıyıq ki, bu sahədə biznes ölkədə iqtisadi aktivliyin əsas tərkib hissələrindən birini təşkil edir. Əgər məqsəd bilavasitə büdcə gəlirlərinin artımına nail olmaqdırsa, o zaman çox ehtiyatlı yanaşma tələb olunur. 

Çünki bu məsələlər olduqca həssas, kövrək xarakter daşıyan məqamlar sayılır. Ona görə də hesab edirəm ki, rüsum və digər ödənişlərin həddinin dərəcəsinin qaldırılması zamanı yüksək səviyyədə dəqiqliyin olması tələb olunur".