Parlament yanlışlığı düzəldib, pensiya yaşını aşağı salmalıdır


Mirvari Qəhrəmanlı: "Çox zaman məmurlar, nazirlər dünya təcrübəsini örnək göstərirlər. Mən də birini deyim. Çexiyada insan yorğunluğa görə müalicə alır. Və yorğunluq əlillik hesab edilir. Buna görə vətəndaşa təqaüd təyin olunur"

Pensiya yaşının azaldılması təklif edilir. Bu təkliflə Milli Məclisin dünən keçirilmiş iclasında millət vəkili Əli Məsimli çıxış edib. Ə.Məsimli bildirib ki, orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə kişilərin pensiya yaşı 63, qadınların pensiya yaşı isə 60-dır: “Azərbaycanda da pensiya yaşının azaldılması vacibdir. Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır”, - deyə Ə.Məsimli bildirb. Pensiya yaşı ilə bağlı sonuncu dəyişikliyə əsasən 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq. 
Qeyd edək ki, pensiya yaşı ilə bağlı bir neçə gün öncə millət vəkili Zahid Oruc da fikir bildirmişdi. Millət vəkili qeyd etmişdi ki, 1990-cı illərdə Azərbaycanda pensiyaçılar əhalinin 8,8 faizini təşkil edirdi, indi isə bu göstərici daha aşağıdır. Dünya ölkələrində isə bu baxımdan orta göstərici 20 faizdir: “Biz pensiya yaşını artırmışıq, bu sahədə balans müəyyən qədər pozulub”.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında pensiya yaşı ilə bağlı qəbul edilmiş yanlış qərarın düzəldilməsinə ehtiyac olduğunu dedi: 

- Pensiya yaşının qaldırılması sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun zamanında parlamentdə müzakirəyə çıxarıldı və qəbul edildi. O zaman da pensiya yaşının qaldırılmasının hansı iqtisadi və sosial əsaslara söykəndiyi açıqlanmadı. Çünki tutarlı əsas yox idi. İndi də pensiyaların hesablanması və pensiya yaşının niyə azaldılmamasını əsaslandıra bilmirlər. Çox zaman məmurlar, nazirlər dünya ölkələrindən misal çəkir, dünya təcrübəsini örnək göstərirlər. Mən də birini deyim. Çexiyada insan yorğunluğa görə müalicə alır. Və yorğunluq əlillik hesab edilir. Buna görə vətəndaşa təqaüd təyin olunur. İnsanın yorulma həddi var axı. İnsan yorulubsa, yaşı, səhhəti, sağlamlığı demirəm, məhz yaşı, yaxud gördüyü iş onun üçün fiziki cəhətdən ağırdırsa, həkimə müraciət edir və ona müalicə təyin olunur. Azərbaycanda kişilər üçün təqaüd yaşı 65, qadınlar üçün 62,5 təyin olunub.  Hər il də müddət artırılır. 65 yaşlı kişidən, 62 yaşlı qadından hansı keyfiyyətli əmək gözləmək olar? Bunun növbəli iş sistemində çalışanı, gecə növbəsində işləyəni var. Kim zəmanət verir ki, işçi iş başında yuxulamayacaq? 50 yaşdan sonra orqanizmdə qocalma prosesi sürətlənir. Müxtəlif sağlıq problemləri üzə çıxır. Bunlar nəzərə alınmalıdır. Şərt deyil ki, insan fiziki cəhətdən qüsurlu olsun, bədəninin hansısa üzvü olmasın və o, əlil sayılsın. Hər bir insanın gücünün, enerjisinin tükənməsi, yorğunluq həddi var. Həm də biz insan sağlamlığını daha çox düşünməli deyilikmi? İstənilən qanun insanların sağlamlığına, rifahına xidmət etməlidir. Pensiya yaşının qaldırılmasında isə bu amillər gözlənilməyib. Deyək ki, dövlət müəssisələrində işləyənlərin pensiya yaşı ilə bağlı problem yoxdur. 65, 62 yaşına kimi işləyəcəklər, sonra da pensiyaya çıxacaqlar. Bəs özəl sektor? Özəl sektorda 40 yaşlı qadınları heç işə götürmürlər, nəinki 50 yaşdan yuxarı olanları.  Bəs, bu insanların təqaüd fonduna məbləğ necə toplanacaq?  

M.Qəhrəmanlı qeyd etdi ki, bütün bu məsələlər ciddi müzakirə tələb edir:

- Parlament səhvən qəbul etdiyi qanuna düzəlişlər etməlidir. Qanunvericiliyə təcili dyişikliklər edilməlidir. Pensiya yaşının niyə artırıldığı və azaldılmasının niyə mümkün olmadığını əsaslandırmalıdırlar. İşsizlərin qeydiyyata alınmasında da problemlər var. Bu məsələ də həllini tapmalıdır. İnsanların sağlamlığını düşünürlərsə, pansiya yaşı azaldılmalıdır. Çünki hazırkı yaş həddi insan ömrünün qısaldılmasıdır.