"Bahalaşma belimizi qırır"

Tahir Kərimli: "Qurumlar qiymət artımları ilə bağlı xalqa izahat versin"

Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 24 məsələ daxil edilib. 2022-ci ilin dövlət büdcəsi müzakirə edilərək ikinci oxunuşda qəbul olunub. İclas zamanı deputatlar cari məsələlərdən də danışıblar. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ötən iclasda parlamentin smeta xərcləri ilə bağlı açıqlamalarına aydınlıq gətirib və spikerdən üzr istəyib. Deputat bildirib ki, Milli Məclisin rəhbərliyinin beynəlxalq fəaliyyəti göz qabağındadır: “Milli Məclisdə müvafiq sənədlərlə tanış olanda gördüm ki, mənə müəyyən qədər yanlış məlumat verilib. Sürücülərin maaşı kəsilməyib, onlar üçün dövlət hesabına kurs təşkil olunub ki, dərəcələrini artırsınlar və daha yüksək maaş alsınlar. Milli Məclisdə işləyən xeyli təcrübəli insan vəzifələrə irəli çəkilib. 

Məsələn, ekspertlər müşavir vəzifəsinə təyin olunub. Bir neçə yüz adama pandemiyaya görə 500 manat məbləğində birdəfəlik yardımlar edilib. Ötən çıxışımdan sonra məni deputatlar da, sosial şəbəkə fəalları də haqlı olaraq qınadı. Doğrudan da yanlışlığa yol vermişəm”. MM Sədri Sahibə Qafarova isə tövsiyə edib ki, sənədlərə əsaslanmayan, yanlış məlumatlar əsasında çıxışlar Milli Məclisdə səslənməsin, xalqa yanlış məlumat verilməsin.

“Bahalaşma belimizi qırır, buna diqqət etmək çox vacibdir”

Millət vəkili Tahir Kərimli qiymət artımı ilə bağlı hökuməti xalqa izahat verməyə çağırıb: “Hökumət düşünür ki, biz ancaq onların işində nöqsan axtarırıq. Bu, belə deyil. Biz görülən müsbət işləri də görürük. Nöqsan axtaran özü elə nöqsanlıdır. Hökumət bilməlidir ki, biz deputatlar daha çox maraqlıyıq ki, rifah olsun, ölkəmiz inkişaf etsin. Ona görə xahiş edirəm ki, bəzi şeyləri süngü ilə qarşılamasınlar. Bir şeyi bilməliyik ki, balıq susuz yaşaya bilmədiyi kimi, dövlət də intizamsız yaşaya bilməz. Qurumlar qiymət artımları ilə bağlı xalqa izahat versin. Bahalaşma belimizi qırır, buna diqqət etmək çox vacibdir. İşsizlik məsələsi də qalmaqdadır. İqtisadiyyat Universitetində xüsusi istedadlı 30 tələbə universiteti bitirib, 30-u da ölkədə qalmayıb. Yeni iqtisadi siyasət formulunun yolu tapılmayıb”.

“Bütün strukturlarda kütləvi ixtisarlar gedir, yüzlərlə insan ixtisara düşür”

Millət vəkili Məlahət İbrahimqızı dövlət strukturlarında kütləvi ixtisarlara yol verməməyə çağırıb. Deputat bildirib ki, Prezident İlham Əliyevin və Mehriban Əliyevanın bilavasitə diqqəti sayəsində ölkədə yeni iş yerləri yaradılır: “İşsizliyin aradan qaldırılması üçün addımlar atılır. Amma bütövlükdə bütün strukturlarda kütləvi ixtisarlar gedir, yüzlərlə insan ixtisara düşür. Biz başa düşürük ki, islahatlar getməlidir, amma ixtisarların kütləvi hal alması var, buna yol vermək olmaz. Biz qazilərimizin, şəhid və qazi ailələrinin işsizliyinin aradan qaldırılması ilə məşğul oluruq, indi bu problem də ortaya çıxıb”.

“Məcburi köçkünlər içərisində çox zəngin insanlar var”

Deputat Qüdrət Həsənquliyev regionlara investisiya qoyan şirkətlərin 5 il bütün vergilərdən azad olunmasını təklif edib. Millət vəkili bildirib ki, Azərbaycanda dövlət şirkətlərinin vergidən yayınmaq üçün xərcləri şişirtdiyini hamı bilir: “Bunun qarşısı alınmalıdır. Belə olduğu təqdirdə büdcə vəsaitlərindən də kifayət qədər yaxşı istifadə ediləcək. Məcburi köçkünlər içərisində çox zəngin insanlar var. Onlara imkan yaradılmalıdır ki, işğaldan azad edilmiş yerlərdə öz evini tiksin. Qarabağın bərpasına bütün xalq cəlb edilməlidir”.