Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müsbət addımdır

Yaradılmış mexanizmlər dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

   Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişikliklə bağlı qanun layihəsi təqdim edilib. Məlumata görə, payız sessiyası dövründə sahibkarlardan komitəyə bir sıra təkliflər daxil olub, bununla bağlı üç işçi qrupu yaradılıb və onlar öz işini davam etdirəcək. Qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin yanvarın 1-də bitib. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2023-ci ilin yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. 

Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Ümumiyyətlə, son illər Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində çoxsaylı dövlət proqramları qəbul olunaraq həyata keçirilib. Sahibkarlıq subyektləri üçün xeyli güzəştlər tətbiq olunub, onlara yaradılan süni əngəllər aradan qaldırılıb. 

Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini zərurətə çevirib. Sahibkarlar artıq mövcud problemlərin həllində iştirak edirlər. Bu baxımdan yaradılmış mexanizmlər dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır. Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) yaydığı məlumata görə, hazırda Azərbaycanda sahibkarlıq subyektlərinin təqribən 99 faizini mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. 2021-ci ilin 1 yanvar tarixinə qeydiyyata alınmış sahibkarlıq subyektlərinin 92,1 faizini mikro, 5,3 faizini kiçik, 2,1 faizini isə orta sahibkarlıq subyektləri təşkil edir. Bu gün ölkəmizdə bir sıra qurumlar, o cümlədən KOBİA tərəfindən sahibkarlara verilən müxtəlif dəstək və xidmətlər təqdim olunur. Güzəştlər və dövlət dəstəyi həyata keçirilir, bir sıra institusional mexanizmlər fəaliyyət göstərir. Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Eyni zamanda mikro sahibkarlıq subyektləri əmlak vergisindən azaddır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən olan “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioritetinin alt məqsədlərindən biri də məhz kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsidir. Bu məqsədlə hazırda 2021-2025-ci illər üzrə hədəf və prioritetlərin müəyyənləşdirilməsi üçün müvafiq işçi qrupu çərçivəsində intensiv işlər aparılır. 

İqtisadçı Pərviz Heydərov “Şərq”ə deyib ki, sahibkarlarla bağlı yoxlamaların dayandırılması bir neçə ildir ki, fasiləsiz həyata keçirilir. Ekspert bildirib ki, verilən güzəştlərin vaxtı tamam olan kimi qanun layihəsinə yenidən baxılaraq müddət uzadılır: 

“Burda məqsəd ondan ibarətdir ki, ölkədə sahibkarların fəaliyyətinin qeyri-qanuni, kortəbii şəkildə, ehtiyac olmadan edilən müdaxilələrə yol verilməsin. Çünki bu kimi qanunsuz yoxlamalar sahibkarların səmərəli işinə və ölkə iqtisadiyyatına fayda verməsinə maneçilik törədir. Məqsəd bunun qarşısını almaqdır. Mövcud vəziyyət göstərir ki, sahibkarların işində kortəbii yoxlamaların məhdudlaşdırılması mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, sahibkarların fəaliyyətinə kortəbii müdaxilə yolverilməzdir. Lazımsız yoxlamaların aparılmasına məhdudiyyət qoyulması dövlət başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilən bir addımdır. Hesab edirəm ki, yoxlamaların vaxtını bir il, üç il uzatmaqdansa, yeni qanun qəbul edərək, yaxud indiki qanunverciliyə dəyişiklik olunaraq yoxlamalar birdəfəlik ləğv edilə bilər. Sahibkarların fəaliyyətində müvafiq vergi yoxlamalarından savayı heç bir təftiş olmamalıdır. Sahibkarların dövlət qarşısında yeganə məsuliyyəti vergi ödənişi ilə bağlıdır. Təbii ki, əhalinin sağlamlığına təhlükə yaradacaq fəaliyyət sahələrinə ciddi nəzarət qalmalıdır”.