Hökumət bütün imkanları səfərbər edib

Dünyada baş verən bahalaşmanın Azərbaycana təsirini azaltmaq mümkündür

Görüləcək tədbirlər yaxın gələcəkdə ölkəmizdə inflyasiyanın və qiymət artımlarının qarşısını alacaq

   Ötən il dünya iqtisadiyyatı ciddi sınaqlarla və təlatümlərlə üz-üzə qaldı. Bu proses Azərbaycana da təsirsiz ötüşmədi. Bütövlükdə 2021-ci ildə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunsa da, orta illik inflyasiya 6,7 faiz, o cümlədən ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz təşkil etdi. Ümumilikdə inflyasiyanın illik səviyyəsi 12 faiz oldu. Son illər qlobal istiləşmə və quraqlıq, tələblə təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmaya aparan əsas səbəblərdir. Müxtəlif beynəlxalq qurumlar tərəfindən səsləndirilən rəqəmlər bu fikri bir daha təsdiq edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Nəticədə dünyada ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşib və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri daha da artıb. Bu səbəbdən qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur. 

Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45 faizdən çox artım baş verib. Bu proses öz növbəsində ölkəmizdəki qiymətlərə də ciddi təsir edib. “Ötən il ərzaqlıq buğdanın dünyada kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırılıb, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin müddəti 2024-cü ilədək uzadılıb. İri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasını, kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək. Artıq haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısının alınması, istehlak bazarına antiinhisar nəzarətinin gücləndirilməsi barədə ciddi tapşırıq verilib. Ekspertlərin təhlilinə görə, iqtisadi sahədə görülən işlər Azərbaycan hökumətinin dünya iqtisadiyyatında baş verən təlatümlərin ölkəmizə mənfi təsirlərinin, inflyasiyanın, un və un məhsulları üzrə bahalaşmanın qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirdiyini nümayiş etdirir. 

Millət vəkili Azər Badamov deyib ki, görüləcək tədbirlər yaxın gələcəkdə ölkəmizdə inflyasiyanın və qiymət artımlarının qarşısını alacaq. Deputatın sözlərinə görə, qlobal bazarlarda baş verən qiymət artımları ölkələri iqtisadiyyatlarının bu çağırışlara uyğunlaşdırılması üçün ciddi addımların atılmasına məcbur edən amillərdəndir: 

“Bu gün “qiymət artımı” ifadəsi dünyanın bütün ölkələrində insanları ən çox narahat edən məsələdir. Bahalaşmalar həm də milli valyutaların dəyərdən düşməsinə səbəb olur. Qonşu ölkələrin milli valyutalarına nəzər yetirdikdə görürük ki, Gürcüstanda 12,5 faiz, Rusiyada 8,9 faiz, Türkiyədə 36,08 faiz illik inflyasiya qeydə alınıb. Təbii ki, bu, ölkələrin milli valyutalarının ucuzlaşmasına yol açıb. Azərbaycanda isə orta illik inflyasiya 6,7 faiz olub və Mərkəzi Bankın apardığı uğurlu pul-kredit siyasəti sayəsində manatın məzənnəsi xarici valyutalar qarşısında dəyərdən düşməyib. Amma bununla yanaşı, dünya bazarlarında malların qiymətlərində baş verən artımlar Azərbaycanın daxili bazarlarına da təsir göstərib. İstiləşmə və quraqlıq, tələb və təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması, həmçinin enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal inflyasiyanı şərtləndirən əsas amillərdəndir”.
Parlament üzvünün sözlərinə görə, dünya bazarlarında taxılın qiymətində baş verən artımlar müvəqqəti xarakter daşımadığından ölkə daxilində un və un məmulatlarının qiymətlərini süni təsirlərlə əbədi saxlamaq qeyri-mümkün olub: “Ona görə də hökumət taxılın idxal qiymətini xarici çağırışlara uyğunlaşdırılmasını vacib hesab edib. Bununla yanaşı, unun və çörəyin qiymətində süni artımların olmaması üçün də tədbirlər görüb. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə buğda əkininə başlanılıb. Hazırda ölkəmizdə buğdaya olan illik tələbatın yarıdan çoxu daxili istehsal hesabına ödənilir. Əgər ölkəmizin ərzaqlıq buğdaya olan tələbatı yerli istehsal hesabına təmin edilsə, gələcəkdə dünya bazarlarında taxılın qiymətlərinin artmasının daxili bazara təsirini aradan qaldırmaq mümkündür. Yanvarın 18-də Nazirlər Kabinetində keçirilən müşavirədə müzakirə olunan məsələ də dünya bazarlarında baş verən qiymət artımlarının Azərbaycana təsirlərinin azaldılması istiqamətində görüləcək işlərlə bağlı idi”.