Qazın bahalaşması sadəcə Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyil

Yaranmış situasiya Azərbaycana əlavə dividendlər verə bilər

"Belə məqamda əsas şərt odur ki, Azərbaycan kimi dövlətlər iqtisadi və ərzaq təhlükəsizliyini təmin etmək üçün ciddi hazırlıqlara başlamalıdır. Baş verə biləcək hansısa forsmajor qiymət artımlarına və məhsul çatışmazlığına qarşı sığortalanmalıyıq"

Avropada qazın qiyməti 35 faiz bahalaşıb. Min kubmetr qaz fyuçersinin qiyməti 1400 dollara yüksəlib. İki gün əvvəl Avropada min kubmetr qazın qiyməti 961 dollar təşkil edirdi. Ekspertlərin fikrincə, kəskin bahalaşma Ukrayna ərazisinin Rusiya və Belarusun hücumlarına məruz qalması fonunda baş verir. Qərb-Rusiya gərginliyi fonunda qazın qiymətinin bahalaşmaqda davam edəcəyi gözlənilir. 

İqtisadçı Pərviz Heydərov “Şərq”ə bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qlobal iqtisadiyyatda müəyyən fəsadlara gətirib çıxaracaq. Nəinki Avropada qazın bahalaşması, həmçinin bir sıra sahələrdə ciddi, dərin problemlərin ortaya çıxmasına zəmin yaradacaq:

 “Amma real situasiya elədir ki, konkret proqnoz vermək çox çətindir. Hadisələrin gedişatının nəyə gətirib çıxaracağı, hansı tempdə inkişaf edəcəyi məlum deyil. 

Belə məqamda əsas şərt odur ki, Azərbaycan kimi dövlətlər iqtisadi və ərzaq təhlükəsizliyini təmin etmək üçün ciddi hazırlıqlara başlamalıdır. 

Baş verə biləcək hansısa forsmajor qiymət artımlarına və məhsul çatışmazlığına qarşı sığortalanmalıyıq. İndiyə qədər ehtiyatlı siyasət yeritmişik, bundan sonrakı proseslərə də hazırlıqlı olmalıyıq. 

Avropada enerji qiymətlərinin bahalaşmasının səbəbi sadəcə Rusiya-Ukrayna müharibəsi deyil. Qazın bahalaşması əvvəldən də müşahidə olunurdu. Təbii ki, son günlər yaşanan real hadisələr fonunda bu artım daha kəskin xarakter alacaq”. 

P.Heydərov vurğulayıb ki, Azərbaycan enerji resurslarının idxalı ilə məşğuldur: 

“Avropaya qaz idxal edən ölkələrdənik. Bu mənada Azərbaycan qazının dəyəri və qiyməti yaranmış situasiyada bizə əlavə dividend verə bilər. Ancaq hələlik gedişatı izləmək lazımdır. 

Moskva Bəyannaməsinin müvafiq bəndləri Azərbaycan-Rusiya arasındakı iqtisadi əməkdaşlığın kənar təsirlərə məruz qalmayacağını diktə edir. 

Bu da Azərbaycanın münaqişə tərəflərindən, o cümlədən Avropa iqtisadiyyatındakı təlatümlərdən daha az ziyanla çıxacağı anlamına gəlir”.