Mart ayından inflyasiyanın azalması proqnozlaşdırılırdı
Bu ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri illik müqayisədə 11,9 faiz artıb. Qiymətlərin ortaillik artımı isə 12,2 faiz təşkil edib.
Azərbaycan Statistika Komitəsinin məlumatına görə, aylıq inflyasiya 1,1 faizə bərabər olub.
Yanvarda ölkədə illik inflyasiya 12,5 faiz, aylıq qiymət artımı isə 1,6 faiz təşkil etmişdi. Beləliklə, fevralda illik inflyasiya 0,6 faiz bəndi, aylıq inflyasiya isə 0,5 faiz bəndi yavaşlayıb. Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda illik inflyasiyanın yavaşlaması ötən ilin iyun ayında qeydə alınıb – həmin ay ölkədə inflyasiya 4,9 faizdən 4,7 faizə enib. Ötən ilin iyun ayından bəri illik inflyasiya stabil olaraq sürətlənib.
Fevralda ərzaq məhsulları, içkilər və tütün məmulatları illik müqayisədə 17,2 faiz artıb ki, bu da yanvarda qeydə alınan illik artımdan 0,1 faiz bəndi çoxdur. Qida məhsullarının illik inflyasiyası 17,5 faiz təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə dəyişməz olaraq qalıb. Ödənişli xidmətlərin də inflyasiyası yavaşlayıb və yanvarda olan 11,1 faizdən fevralda 9,3 faizə enib.
Aylıq qiymət dəyişikliklərinə fikir verdikdə, qida məhsulları təkcə fevralda 2,2 faiz bahalaşıb. Yanvarda bu göstərici 2,6 faizə bərabər idi.
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7 faiz təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12 faiz olub.
Xatırladaq ki, AMB-nin 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna doğru dinamikasının təmin edilməsi olacaq.
Uzun müddət sonra inflyasiyanın azalmasını tətikləyən amillər nə oldu?
Bu barədə “Şərq”ə danışan iqtisadçı Eldəniz Əmirov qeyd etdi ki, mart ayında bu azalma proqnozlaşdırılırdı:
“Oktyabrdan başlayaraq daha böyük vüsət alan inflyasiya meyilləri dekabrda və yanvarda daha yuxarı səviyyəyə çatdı. Həmin dövrlərdə biz mart ayından başlayaraq azalma olacağını qeyd etmişdik.
Bu azalmaya mərkəzi bankın uçot dərəcəsini qaldırması səbəb oldu. Yəni iqtisadi aktivliyin nisbətən azaldılması yolu ilə inflyasiya sürəti endirildi. Bu, bütün dünyada tətbiq olunan və təsdiqlənmiş vasitədir. Uçot dərəcəsi hər dəfə nisbətən qaldırılmaqla 5 faizə çatdırılıb.
Beləliklə, mart ayından etibarən gəlirlərin sabitləşməsi, inflyasiyanın da sabitləşməsinə səbəb oldu”.
İqtisadçının sözlərinə görə, karantin qaydalarının yumşalması iqtisadi aktivliyi artıran faktordur və bu da manatın dəyərdən düşməsinə səbəb olur və inflyasiyanı sürətləndirir.