Yol qəzaları iqtisadiyyatımıza da ciddi ziyan vurur
Təəssüf ki, qəza hadisələrinin əksəriyyəti həm də yol infrastrukturunun doğru, düzgün qurulmamasından qaynaqlanır
2020-ci illə müqayisədə 2021-ci ildə yol-nəqliyyat hadisələrinin sayı çoxluq təşkil edib.
Bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.
O bildirib ki, ötən il respublika yollarında 1649 yol qəzası qeydə alınıb.
Yol-nəqliyyat hadisələrinin sayının artması ilə bağlı “Şərq”ə danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov əsas səbəbinin sürücü məsuliyyətsizliyi olduğunu vurğulayıb:
“Təəssüf ki, Azərbaycanda yol-nəqliyyat hadislərinin sayı azalmaq əvəzinə, artır. Bu qəzalara əsasən, bilərək edilən qayda pozuntuları səbəb olur.
Əlavə olaraq, yol infrastruktrunun tam olmaması, yolların qaranlıq olması da bu səbəblərə aiddir. Bununla yanaşı, sürücülərin spirtli içki və narkotik vasitələr qəbul edərək avtomobil idarə etməsi də bu qəbildəndir. Bakıda spirtli içki qəbul edərək maşın sürənlərin sayı azdır. Paytaxtda dövlət yol polisi belə hallarla çox yaxşı mübarizə aparır. Bu tendensiyaya daha çox bölgələrdə rast gəlinir. Nəticədə bütün bunlar yol nəqliyyat hadisələrinin sayının artmasına gətirib çıxarır.
Ekspert eyni zamanda bildirib ki, mənfi tendensiyanın artmasında dövlət qurumlarının da rolu var:
“Yol-nəqliyyat hadisələri təkcə insanların həyatını itirməsinə səbəb olmur. İqtisadiyyata da ciddi ziyan vurur. Ona görə biz ölkə olaraq belə hadisələrin sayını azaltmağı qarşımıza məqsəd qoymalıyıq. Təəssüf ki, bəzi məmurların səhlənkarlığı ucbatından belə halların sayı artır.
Bakı şəhərində yol infrastrukturunun qurulmasına cavabdeh olan qurumlar qaş düzəldən yerdə, göz çıxarırlar. Məsələn, ötən il Əhmədli qəsəbəsi, S.Ə.Şirvani küçəsində dövlət qurumu yolu düzəltmək yerinə gətirib beton piltələr düzüb. Bundan sonra həmin ərazidə onlarla qəza baş verib. İnsanlara külli miqdarda ziyan dəyib.
Ümumiyyətlə, abadlaşdırma işləri yarımçıq görülür. Dillər əzbəri olan Bəsti Bağırova küçəsində də yolların işıqlandırılması tam həyata keçirilməyib, kanalizasiya qapaqları hər yerdə qoyulmayıb. Hər şey yarımçıqdır. Qəzalar sürücü və piyadaların diqqətsizliyi və qayda pozuntusu ilə yanaşı, bu səbəblərdən də baş verir. Bakıda yol tikinti işləri ilə konkret bir qurum məşğul olmalıdır. Bu işdə Bakı Şəhər İcra Hakimiyyəti birbaşa iştirak etməli, məsləhətləşmələr aparılmalıdır”.