Tikinti materialları bahalaşıb! – Mənzil bazarında vəziyyət necədi? - AKTUAL 

Azərbaycanda tikinti materiallarının bir qisminin Rusiya və Ukrayna idxalından asılı olduğu, hazırda həmin materialların ölkəyə gətirilməsində müəyyən problemlər olduğu bəllidir. O cümlədən, bu prosesin adıçəkilən məhsulların qiymətinə təsiri də danılmaz faktdır.

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov “Report”a bildirib ki, Rusiya-Ukrayna müharibəsi qlobal bahalaşmaya təkan verən səbəblərdəndir:

“Eyni zamanda, Rusiyadan gələn məhsulların da qiymətləri qalxıb. Bu proses əvvəlcə ajiotaj xarakterli oldu. Sonradan səngiməyə başladı, ancaq əvvəlki vəziyyətə qayıtmadı”.

E.Bəşirov qeyd edib ki, bu bahalaşma hələ bir müddət də davam edəcək. O, prosesin neftin qiyməti ilə əlaqəsindən də danışıb:

“Neftin qiyməti qalxıb. Məlum olduğu kimi, bu, bütün məhsullara təsir edir. Ona görə hesab edirəm ki, yaxın gələcəkdə tikinti bazarının əvvəlki səviyyəyə qayıdacağını gözləməyə dəyməz. Onun üçün dövlətimizin tikinti materiallarının istehsalını təşviq etməsinə ümid etməliyik. Gömrük siyasətinə, vergi yükləmələrinə yenidən baxmaq və bu cür məsələləri tənzimləmək lazımdır”.

Tikinti materiallarının bahalaşmasının mənzil bazarına göstərəcəyi təsirlərdən “Sherg.az”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, tikinti qiymətləri birbaşa yeni tikililərin qiymətinə də təsir edəcək:

“Bu qiymətin maya dəyərin irəli gəlir. Təəsssüf ki, tikinti şirkətləri də qiymət artımına uyğun dəyəri artırırlar. Bu, yeni inşa olunan çoxmənzilli binalara şamil olunur. Həmçinin fərdi evlərə də aid edilir. Yeni bazara çıxan mənzillər təmirli vəziyyətdə satışa çıxır, təbii ki, onların da qiyməti də yüksək olacaq. Qiymət artımı davam etdiyi halda bu hal qaçılmazdır. Ucuzlaşma yalnız qiymətlərin  düşməsi kimi hallarda baş verə bilər”.