Azərbaycan mavi qaz hasilatını artırıb

Bu ölkəmizin geo-siyasi mövqeyini daha da gücləndirir

    “Rusiyanın Polşa və Bolqarıstana mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib”. 

Bu barədə “Şərq”ə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, qitə alternativ mənbələrdən qaz idxalını artırmağa çalışsa da, hələlik “Qazprom” Avropada dominantlığını qoruyub saxlamağa çalışır: 

“Bu arada Azərbaycan mavi qaz hasilatını artırmaqda davam edir. Bu ilin ilk rübündə Azərbaycanda 11,8 milyard kub metr təbii qaz hasil edilib. Bu o deməkdir ki, ilin birinci rübündə mavi qaz hasilatı 12, ixracatı isə 15 faiz çoxalıb. Avropaya qaz ixracatı isə 2.4 dəfə artıb. Rəsmi rəqəmlər göstərir ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geo-siyasi mövqeyini daha da gücləndirir”.