Azərbaycan ATƏT PA-nın İpək Yolu Qrupunun tədbirində iştirak edir

Azərbaycan Türkiyənin İstanbul şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasiyasının İpək Yolu qrupunun 4-cü Beynəlxalq parlament konfransında iştirak edir.
"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə ölkəmizi Milli Məclisin deputatları - Azay Quliyev, Tural Gəncəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov təmsil edir.
Konfransın açılışında çıxış edən A.Quliyev Azərbaycanın Avropaya illik 20 milyard kubmetr həcmində təbii qaz ixrac etməyi hədəflədiyini deyib. O, bu il iyulun 18-də Avropa İttifaqı və Azərbaycan arasında Anlaşma Memorandumunun imzalanmasını, Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışını Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini, eyni zamanda Azərbaycanın “Qərb-Şərq” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına böyük töhfə verdiyini vurğulayıb.
4-cü Beynəlxalq parlament konfransı Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə, “Böhran dövründə enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələndirmənin gücləndirilməsi” mövzusunda keçirilir. Tədbirdə “Böhran dövründə təminat zəncirlərinin davamlılığı və qida təhlükəsizliyi”, “Davamlı ətraf mühit və inkişaf üçün enerji təhlükəsizliyi” mövzularında da müzakirələr aparılacaq.
Konfransın yekununda İstanbul Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir. Tədbir çərçivəsində biznes-forumun da keçirilməsi nəzərdə tutulub.