Müəllim və həkimlərin də maaşları artacaq

Konkret artım faizləri bu il fevralın 5-dək müəyyən ediləcək

  "Minimum əməkhaqqı 345 manata çatdırılıb. Artım sadəcə aşağı maaş alanlarla bağlı deyil. Sərəncam vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək". Bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. Deputat bildirib ki, dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşları da Sərəncama uyğunlaşdırılacaq: 

"Məbləğindən asılı olmayaraq, bu sektorlarda çalışanların maaşları artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əməkhaqqılar 345 manatdan azdır və onlar 300-338 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 979 manatdır. Minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Konkret artım faizləri bu il fevralın 5-dək müəyyən ediləcək".

  Deputat "müəllim və həkimlərin maaşları artacaqmı" sualını belə cavablandırıb: "Hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqlarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əməkhaqqı sxemi var. Bununla belə hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcək. Bu isə o deməkdir ki, fevralın 5-dək həmin qurumların da yeni əməkhaqqı cədvəllərini təsdiq üçün təqdim edəcəkləri gözlənilir".