Bu müəllim və həkimlərin maaşları artırıldı 

"Vahid Tarif Cədvəli  (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha çox müəllim və həkimlərin maaşları ilə bağlıdır".
"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili Vüqar Bayramov deyib. 
Deputat bildirib ki, paylaşımlarda da ən çox şərhlər bu istiqamətdədir: 

"Qeyd etmək istərdim ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar artıq reallaşdı. 

Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu.

 Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. 

Çünki, heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz.
Gözlənti isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir".