- Kart qadağası müzakirələri böyüyür, hüquqşünas hüquqların pozulduğunu deyir
Kibercinayətlərin sayının artması və bank kartı məlumatlarının ələ keçirilməsi halları kart sahiblərinin və maliyyə təhlükəsizliyinin qorunması ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsini zəruri edir. Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarovun bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyət müəyyən edən qanunvericilik aktlarının qəbul edilməsinin zəruriliyi barədə açıqlaması da belə təşəbbüslərdən biridir.
Elvin Cuvarov bildirib ki, bank sektorunda ən geniş yayılmış 3 fırıldaqçılıq növü var: avtorizə edilməmiş əməliyyatlar, manipulyasiya ilə həyata keçirilmiş əməliyyatlar, icazəli və 3-cü şəxs tərəfindən həyata keçirilmiş əməliyyatlar: “Azərbaycanda bank kartının üçüncü şəxslərə verilməsi hallarına görə məsuliyyətin müəyyən edilməsi məqsədilə müvafiq qanunvericilik aktlarının hazırlanaraq qəbul olunmasına ehtiyac var. Fırıldaqçılıq və kibertəhlükəsizlik kimi halların qarşısının alınmasında ən təsirli vasitələrdən biri qanunvericilik sahəsində müvafiq tədbirlərin həyata keçirilməsidir”.
Ekspertlər isə hesab edir ki, bu yanaşma həm hüquqi, həm də praktiki baxımdan ciddi mübahisə doğurur.
Hüquqşünas Vüqar Dadaşov Sherg.az-a bildirib ki, bank kartından istifadə və onun təqdim edilməsi bankla müştəri arasında yaranan müqavilə münasibətlərinin və vətəndaşlar arasındakı mülki hüquq münasibətlərinin tərkib hissəsidir. Bu münasibətlər tərəflərin iradə azadlığı və qarşılıqlı razılığı prinsiplərinə əsaslanır. Hüquqşünasın sözlərinə görə, belə bir məhdudiyyətin qanunla tətbiqi isə mülki hüququn fundamental prinsiplərindən olan sərbəst sərəncam hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilər: “Digər tərəfdən, bank kartı şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, hərbi bilet və ya şəxsiyyəti təsdiq edən rəsmi sənəd deyil. Buna görə də kartın ailə üzvünə və ya etibar edilən digər şəxsə verilməsinə görə hüquqi məsuliyyət müəyyənləşdirilməsi, xüsusilə ailədaxili istifadənin məhdudlaşdırılması nə hüquqi, nə də praktiki baxımdan doğru deyil.
Əsas problem kartdan kimin istifadə etməsində deyil, kiberdələduzluğun, qanunsuz maliyyə əməliyyatlarının və kart məlumatlarının oğurlanmasının qarşısının alınmasındadır. Bu sahədə boşluqlar mövcuddursa, onların aradan qaldırılması bankların təhlükəsizlik sistemlərinin gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha səmərəli təşkili ilə mümkün olmalıdır. Problemin həllini vətəndaşların hüquqlarını məhdudlaşdırmaqda axtarmaq düzgün yanaşma sayıla bilməz.
Belə bir təşəbbüs müəyyən mənada kibertəhlükəsizlik sahəsində mövcud problemlərin inzibati qadağalar hesabına kompensasiya edilməsinə cəhd təsiri bağışlayır. Halbuki dövlət orqanlarının əsas vəzifəsi vətəndaşların hüquqlarını məhdudlaşdırmaq deyil, onların təhlükəsizliyini müasir texnoloji və hüquqi mexanizmlərlə təmin etməkdir”.
Hüquqşünas qeyd edib ki, bu yanaşma vaxtilə nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı qəbul edilən qərarları xatırladır: “Həmin halda da problemin mahiyyəti aradan qaldırılmaq əvəzinə, hüquqların məhdudlaşdırılması yolu seçilmişdi. Hüquqi dövlət prinsipi isə tələb edir ki, təhlükəsizlik azadlıqların məhdudlaşdırılması ilə deyil, effektiv institutların və etibarlı nəzarət mexanizmlərinin yaradılması ilə təmin olunsun. Nəticə etibarilə, bank kartının üçüncü şəxsə verilməsinə görə hüquqi məsuliyyət müəyyən edilməsini nəzərdə tutan yanaşma kibercinayətkarlığa qarşı sistemli mübarizə vasitəsi olmaqdan daha çox, vətəndaşların mülki hüquqlarını və sərbəst seçim imkanlarını məhdudlaşdıran addım kimi görünür. Problemin həlli qadağaların genişləndirilməsində deyil, bank sisteminin təhlükəsizliyinin, dövlət nəzarətinin və kibermüdafiə mexanizmlərinin gücləndirilməsində axtarılmalıdır”.