- Neft bazarının taleyini İran yox, başqa güclər həll edir
Yaxın Şərqdə İran ətrafında yaşanan gərginlik qlobal enerji bazarlarının əsas gündəm mövzularından biri olaraq qalır. Münaqişənin neft qiymətlərini rekord həddə yüksəldə biləcəyi ilə bağlı proqnozlar səsləndirildiyi bir vaxtda, ABŞ Prezidenti Donald Tramp fərqli mövqe ortaya qoyub. O, İranla qarşıdurma başa çatdıqdan və bölgədə vəziyyət sabitləşdikdən sonra dünya bazarında neftin qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşaraq bir barel üçün 55 dollara qədər enə biləcəyini bəyan edib: “Bir çoxları neftin qiymətinin 350 dollara qədər yüksələcəyindən ehtiyatlanırdı. Amma hazırda bir barel neft 79 dollardır. Bir neçə gün əvvəl isə bu göstərici 68 dollar idi. Sərt addımlar atdığımız üçün qiymətlər bir qədər artıb.
Onun sözlərinə görə, vəziyyət sabitləşdikdən sonra neft bazarında qiymətlər yenidən aşağı düşə bilər. "Düşünürəm ki, hər şey sakitləşəndən sonra neftin qiyməti 55 dollar olacaq", - ABŞ Prezidenti vurğulayıb.
Tramp çıxışı zamanı həmçinin İranın yaxın vaxtlarda məğlubiyyətə uğrayacağına inandığını da ifadə edib.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Sherg.az-a bildirib ki, Donald Trampın belə bir proqnoz verməsi daha çox siyasi və geosiyasi qiymətləndirmə xarakteri daşıyır.İqtisadçının sözlərinə görə, neft bazarında qiymətlər təkcə hər hansı bir ölkənin müharibədə qalib və ya məğlub olması ilə müəyyən edilmir: 
“İran kimi böyük enerji istehsalçısı ilə bağlı hadisələr əlbəttə ki, bazara təsir göstərir, lakin qiymətin bir barel üçün 55 dollara qədər enməsi üçün bir sıra əlavə şərtlərin də eyni vaxtda formalaşması lazımdır. İranın "məğlubiyyəti" anlayışının özü də kifayət qədər qeyri-müəyyəndir. Əgər söhbət İranın hərbi və siyasi imkanlarının ciddi şəkildə zəifləməsindən, regional təsirinin azalmasından və nəticədə ona qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasından gedirsə, bu halda İran neftinin dünya bazarına daha böyük həcmdə çıxışı mümkün ola bilər. İran dünyanın ən böyük neft ehtiyatlarından birinə malikdir və ixrac imkanlarının genişlənməsi qlobal təklifin artmasına səbəb ola bilər. Təklif artdıqda isə qiymətlər üzərində aşağı istiqamətli təzyiq yaranır.
Lakin burada vacib məqam ondan ibarətdir ki, dünya neft bazarında qiymətləri təkcə İran müəyyən etmir. Hazırda qiymətlərin formalaşmasına OPEC+ ölkələrinin hasilat siyasəti, ABŞ-da şist neftinin istehsal həcmi, Çin iqtisadiyyatının artım tempi, qlobal enerji tələbatı, dolların məzənnəsi, faiz dərəcələri və beynəlxalq ticarət perspektivləri daha böyük təsir göstərir. Məsələn, İran bazara əlavə neft çıxarsa belə, OPEC+ hasilatı azaltmaq qərarı verə bilər və bu zaman əlavə təklifin qiymətə təsiri xeyli zəifləyər”.
Digər tərəfdən iqtisadçı qeyd edib ki, paradoksal olaraq İran ətrafında hərbi gərginliyin azalması neft qiymətlərini aşağı sala bilər:
“Çünki bazarda hazırda müəyyən geosiyasi risk mükafatı mövcuddur. İnvestorlar Hörmüz boğazının təhlükəsizliyi, Yaxın Şərqdə enerji infrastrukturuna mümkün hücumlar və regional sabitliklə bağlı riskləri qiymətlərə daxil edirlər. Bu risklər aradan qalxarsa, qiymətlər müəyyən qədər enə bilər. Ancaq bu azalma avtomatik olaraq 55 dollar səviyyəsini təmin etmir.
55 dollar səviyyəsi üçün yalnız İran faktorunun deyil, həm də qlobal iqtisadi zəifləmənin və ya neft təklifində ciddi artımın baş verməsi lazımdır. Məsələn, Çin iqtisadiyyatında artımın ləngiməsi, Avropa və ABŞ-da enerji tələbatının azalması, ABŞ şist hasilatının yüksəlməsi və OPEC+ daxilində istehsal məhdudiyyətlərinin yumşaldılması kimi amillər eyni vaxtda meydana çıxarsa, qiymətlər həmin səviyyələrə yaxınlaşa bilər. Əksinə, dünya iqtisadiyyatında canlanma və enerji tələbatının artması şəraitində İran neftinin bazara qayıdışı belə qiymətlərin kəskin düşməsinə mane ola bilər.
Buna görə də İranın zəifləməsi və ya regional təsirinin azalması neft qiymətlərinin aşağı düşməsinə müəyyən təsir göstərə biləcək amillərdən yalnız biridir, lakin bazarın taleyini təkbaşına həll edən faktor deyil. Neft bazarı qlobal miqyasda tələb və təklif balansı ilə idarə olunur və hazırkı şəraitdə qiymətlərin 55 dollara enməsi üçün İranla bağlı hadisələrdən daha geniş iqtisadi və enerji amillərinin üst-üstə düşməsi tələb olunur.
Nəticə etibarilə, Trampın səsləndirdiyi fikir iqtisadi qanunauyğunluqdan çox siyasi proqnoz kimi qiymətləndirilə bilər. İran ətrafında risklərin azalması qiymətləri müəyyən qədər aşağı sala bilər, lakin neftin 55 dollara enəcəyini yalnız İranın mümkün məğlubiyyəti ilə izah etmək məntiqli deyil. Bazarda əsas həlledici amillər yenə də qlobal tələb, OPEC+ siyasəti, ABŞ hasilatı və dünya iqtisadiyyatının ümumi vəziyyəti olaraq