İstanbul meşələrində yaşayan vəhşi heyvanlar

İstanbul meşələrində quraşdırılan fototələlər şəhərin zəngin vəhşi təbiətini üzə çıxarıb. Kadrlarda cüyür, qırmızı maral, canavar, çaqqal, tülkü və vəhşi pişik kimi çoxsaylı növlər qeydə alınıb.

Sherg.az xəbər verir ki, Türkiyənin Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin İstanbul və ətraf ərazilərdə yerləşdirdiyi fototələlər vəhşi heyvanların hərəkəti, qidalanması və davranışlarını izləməyə imkan verir.

İstanbulun ərazisinin təxminən 44 faizini meşələr təşkil edir. Şəhərin əsasən Şimal meşələrində cüyür, qırmızı maral, porsuq, çaqqal, canavar, vəhşi pişik, tülkü və sansar, həmçinin müxtəlif ilan və kərtənkələ növləri yaşayır. Fototələlərdə canavar sürüsü və iki maralın buynuzları ilə mübarizəsi də qeydə alınıb.

Şəhər həmçinin mühüm quş miqrasiya yollarının üzərində yerləşir və 397 quş növünə ev sahibliyi edir. Fototələlərdən əldə olunan görüntülər növlərin populyasiyasının və yaşayış areallarının izlənilməsində, qanunsuz ovçuluğa qarşı mübarizədə və təbiətin qorunması tədbirlərinin planlaşdırılmasında istifadə olunur.