KÖNÜL GÖZÜ

Qənirə PAŞAYEVA,
Millət vəkili, AMEA-nın professoru


İndiyədək bir çox kitaba ön söz yazmış, bir çox kitabın rəyçisi, məsləhətçisi olmuşam, ancaq etiraf edim ki, bu kitabla tanışlıq və ön söz yazmaq məni bir başqa duyğuya köklədi – başqa bir düşüncəyə daldım səhifələr boyunca... Hisslərim qarışdı sanki; əlbəttə, şeir yazmaq hünər deyil, amma görmə əngəli yaşayan insan üçün əməli fəaliyyətlər kimi, şeir yazmaq da, duyğularını dəftərə, bilgisayara daşımaq – kitab bağlamaq da, hünər dəyərindədir, məncə. Siz buna hünər deyil, ümid, həsrət, hətta dirəniş, inad da deyərsiz, bəlkə - olsun; bu adlandırmaların, təyinlərin heç biri, burada vahid bir kateqoriyadan qırağa çıxmır, məncə.



Və mən burada şəfqət hissini, rəhmi, xeyirxahlığı nəzərdə tutmuram – o bizim adi insanlıq borcumuzdur, mənəvi məsələdir; mən məsələnin görmə əngəlli insanların özləri tərəfindən yanaşmalarla dəyərləndirilməsinə diqqəti cəlb etmək istərdim. Bax, o dəyərləndirmələr bu almanaxda toplanmış şeirlərin bir çoxdunda açıq-aydın görsənir. Onlar, əsasən könül gözü açıq, vətənə, xalqa, uğurlara, üzüntülərə, bəşəri yaşantılara biganə qalmayan insanlardır. (Əgər hansı sözün şəfqət göstərmək, rəhmdillilik etmək məsqədi ilə, hansı sözün həqiqət ifadəsi kimi deyildiyini bilənlər varsa, bizim görmə əngəlli yazar dostalrımız barədə dediyimiz hər sözü özü boyda məsuliyyətdir!..)

Hər halda, yaradıcılığın az qala bütün növləri üçün ən əsas bədən üzvü olan gözü görməyə-görməyə, bir çox gözlüdən daha yaxşı şəkillənmələr yaradan, ağlayıb-sızlamayan, mübariz olan insanlar hünər sözünü haqq edir.

Mənə elə gəlir, sanki şeir yazarkən gözü açılırmış kimi hallar, ovqatlar çöküb bu şeirlərə... Bir də, gözüaçıq sevgilər... Bu almanaxdakı şeirlər həm də dilemma qarşısında qoyur bizi: Sevgi gözə həm baxır, həm də baxmır... Baxır – göz qəlbin aynasıdır; baxmır – fiziki gözsüz də gözəlliyi duymaq, vurulmaq, aşiq olmaq mümkündür..! Bax, könül gözü qavramı bəlkə də, bu dilemmanı həll etməkçün meydana çıxıb – əgər könüllə göz birləşirsə, könül özü göz olursa, göz könül olursa, əngəllər aşılır, qaranlıqlar yarılır. Yəqin heç təsadüf deyil ki, tərtibçi bu almanaxı “Zülməti dələn işıq” adlandırıb. – Belə bir söz var: “Cəhənnəm insanların beynindədir” – mən bu deyimi, zülmətə, qaranlığa da aid etmək istərdim; istərdim, bu yerdə Eynşteynə istinadan deyilən “soyuq yoxudr, Günəş istiliyinin düşmədiyi yer var”, “Qaranlıq yoxdur – işığın düşmədiyi yer var” sözlərini xatırladım; özü də, “Qaranlıq yoxdur – işığın hələ düşmədiyi yer var” şəklində... “Hələ” sözü özündə ümid daşıyır, inam aşılayır...

Və... bugün gözlə, görmə qabiliyyəti ilə bağlı tibbin həll edə bilmədiyi problem varsa, bu, sabah-birisigün də belə olacağı anlamına gəlmir... Amma könül gözü görmürsə, onu tibb elmi nə zamansa həll edə bilərmi?

Nə yazır, könül gözlü qələm adamları? –
Şeirin, sənətin az qala bütün mövzuları boy verib, görsənir bu şeirlərdə. Vətən, ana, sevgi, kədər, sevinc, ümid, inam, ayrılıq...
“İndi xatirələr görüşə çıxır,
Bir vaxt sən gəldiyin o yollar ilə.” (Əflatun Baxşəli),

“Sən getdin, arxanca getdi ürəyim,
Köksümün altını tamam boş qoydun.” (Eldar Həsrət),

“Gəl sənə bir şeir yazım bu gecə
Dəniz nəğməsindən, yarpaq səsindən...” (Famil Hacısoy),

“Bircə kəlmə dedin "alo", sevindim,
Buludlu gecəmə ulduz dağıldı.
Sənin qəhrəmanın bu gecə məndim,
Mənim şahzadəm – Sən! – Gözəl nağıldı...” (Mütalib Tahiroğlu),

“Kainat nəğmələşir, sən görüşə gələndə.” (Gülçöhrə Nikbin),
“Tək qaldığım hər sabahdan qorxuram.” (Sahib Kəlbəcərli),
“Səni sevdiyimçün yaşayıram mən...” (Elnur Sadiq),

“Gülüm, sən gül, gülsün üzüm,
Yoxdur məndə dərdə dözüm.
Gül üzündə bir təbəssüm,
Yanağında yaş olaydım.” (Xəyal Aslan),

“Sevgi sözü müqəddəsdir,
Sevgi özü müqəddəsdir.” (Fikrət Amiloğlu),

“Ömrü uzanaydı səadətlərin,
Zamanı bitəydi şikayətlərin.
Vüsala yol gedən məhəbbətlərin
Sonunda ayrılıq olmayaydı kaş.” (Zəkəriyyə Qurban),

“Getdiyin yollarda izim qalıbdı,
Dilindən düşməyən sözüm qalıbdı,
Qəlbində yanmışam, közüm qalıbdı,
Sən məni unuda bilməyəcəksən.” (Hicran Ümid),

“Gecələr yuxumda yox imiş kimi,
Gündüzlər halıma gülürsən mənim.” (Aygün Cabbar),

“Yolların dumana, çənə qalacaq,
Bilmədim həsrətin mənə qalacaq...” (Əli Ələkbər),

“Bu da bir qaydadir yazilib bele,
Kor qizin sevgisi gizli qalarmis...”(Zeynəb Ədalət)...

yazan müəlliflər əsasən sevgi üstə kökləniblər. Zatən sevgiyə köklənməyən heç bir əsər, iş könül qazanmaz, uğur gətirməz...

“Səksənib ayıldım təlaş içində, Nə tilov görünür, nə də ki, ümman. Böyük kainatın kiçik küncündə, Bir mənəm, bir otaq, bir də Yaradan...”(Nuranə Nihan)

kimi dünyəvi təfəkkürdən, daha doğrusu, kainatda insanı, insanda kainatı görmək imkanından xəbər verən (ən azı, onun əsintisini yansıdan) şeirlər bu almanaxa bəzək verir.

“Ad günüm” şeirini “26 fevral – Xocalının soyqırımı günü mənim ad günümdür” epiqrafı ilə bölüşən Eldar Həsrət isə milli kədərimizi qəlbinin drinliyində yaşadır:

“Vətən torpaqları zəbt olan gündən
Olmayıbdır mənim bircə şad günüm.
O vaxtdan ad günü keçirmirəm mən,
Xocalıyla bitib mənim ad günüm...”

Şeirlərindən birini “Mübariz İbrahimova” ünvanı ilə paylaşan tanınmış ədibimiz Giya Paç-xataşvili isə qan yaddaşının korşalmaması üçün poetik həll tapıb:

“Sənə şeir yazmadım...
Səni ürəyimə yazdım.
Dəfnində olammadım...
qəbrini qəlbimdə qazdım:
Ruhun canımda olsun deyə...
Mübarizliyin qanıma dolsun deyə...”

Kəlbəcər həsrətli Sevda Dəlidağlının “Qan bənövşəm” şeiri də təsirlidir:

“Qan bənövşəm – boynu bükük, baxtı kəm,
Özü qəmli, gözü nəmli çiçəyim.
İllərdi ki, yağı sənə baxdı kəm,
Sən əsirsən, mən də qərib, neyləyim?
Gəlişinlə elə bahar gələrdi,
Kol dibində isti yuvan var idi,
Gözəllərin əllərini bəzərdin,
Bəxtəvərdin, elin-oban var idi...”

Öz gözü görməzkən, Vətənin gözü olmağa can atan, qəlbi Vətən eşqi ilə döyünən, şeir-sənət yolunda olan vətəndaşlarımız böyük sayğılara, alqışlara layiqdir.

Dahi Almaslının “Pərvanə”si, Nuranə Nihanın “Çıxaq gedəy”i kimi ustalıqla yazılmış, axıcılığı, poetikası yerində şeirlər – şeir kimi şeirlərlə yanaşı, bədii özəllikləri ilə fərqləndirə bilmədiyimiz, (bəzən daha öncələr başqa müəlliflər tərəfindən yazılmış şeirlərin zəif təkararı olan) mətnlət də var, təbii. Burada “təbii” dedikdə onu nəzərdə tuturq ki, belə şeirlər yalnız bir görmə əngəlli insan tərəfindən yazıldığı üçün deyil, üstəlik hələ gənclik yaşında olan yazar tərəfindən yazıldığı üçün tənqdiddən çox, anlayış tələb edir, ümidvarlıq tələb edir. – Gəlin ümid edək ki, onların gələcəkdə yazacaqları şeirlər daha təsirli, daha dolğun olacaq. Şəxsən Giya Paç-xataşvili kimi tanınmış şair-publisitin, tərcməçinin önündə getdiyi könülgözlü yaradıcı insanlar qrupunun, qaynar ədəbi mühitə inteqrasiya olunacağına, öz kəm-kəsirlərini görəcəyinə, daha irəli yaradıcılıq örnəkləri ilə çıxış edəcəyinə inanıram.

Fürsətdən istifadə edib, almanaxın tərtibçisi Giya Paçxataşvili başda olmaqla, bütün könülgözlülərə salam və sayğılarımı çatdırır, hər birinə uğurlar diləyirəm!

BAKI-2019