İcra başçısı qran-pri mükafatçısını təltif etdi-Foto



Dünən Sumqayıt şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə bayram şənliyi keçirilib.
Tədbirdə iştirak edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini qarşıdan gələn hər iki bayram münasibəti ilə təbrik edib, ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, onun azərbaycanlıların həmrəyliyinə verdiyi diqqət və önəmdən, bu sahədə gördüyü işlərdən söz açıb. Daha sonra icra başçısı şəhərin sosial-iqtisadi və mədəni həyatında aktivlik sərgiləyən, bu sahədə xidmətləri olan bir qrup şəxsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı lə təltif edib. Təltif olunanlar arasında bu il Qazaxıstanda qazandığı qran-pri mükafatı ilə gündəmdə olan Sumqayıt Musiqi Kollecinin müəllimi, tanınmış tarzən Ayaz İmranov da olub.

Bu münasibətlə Moderator.az-a açıqlama verən məşhur tarzən ona göstərilən diqqətə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təşəkkür edib, şəhərin mədəni həyatındakı inqilabi dəyişikliklərə toxunub:

 “Öncə mənə göstərilən bu etimada görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova təşəkkür edirəm. Belə bir təltifə layiq görülmək mənim üçün olduqca qürurvericidir.  

Bildiyiniz kimi, son illər Sumqayıtın sosial-iqtisadi həyatında olduğu kimi, mədəni həyatında da mühüm, inqilabi dəyişiliklər, müsbət yeniliklər baş verməkdədir. Şəhərdə “Nizami” kinoteatrının yaradılması, Muğam Mərkəzinin tikilməsi, Sumqayıt Dövlət Dram Teatrının yüksək səviyyədə təmir edilməsi, şəhər sakinləri arasında mədəni tədbirlərdə iştirakın təşviq edilməsi və s. Sumqayıtda mədəniyyət və incəsənət sahəsində baş verən mühüm yeniliklərin əyani nümunəsidir. Bütün bu addımlar mahiyyət etibari ilə Sumqayıt şəhərinin mədəni həyatında yeni bir eranın başlanması deməkdir. Odur ki, biz də mədəniyyət adamları, Sumqayıt Musiqi Kollecinin kollektivi olaraq bu mütərəqqi yeniliklərə dəstək verməli, hamımız üçün doğma olan şəhərimizin çiçəklənməsi, mədəni inkişafı baxımından əlimizdən gələni etməliyik.
Sonda bir daha cənab Zakir Fərəcova öz təşəkkürümü bildirir, ona şəhərimizin tərəqqisi baxımından olduqca əhəmiyyətli olan bu mühüm fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.