Bu həm də aktyorlarımız üçün əlavə iş yeri deməkdir
Xəbər verdiyimiz kimi Milli Televizya və Radio Şurası efir məkanımızda sentyabrın 1-dən etibarən əcnəbi serialların yayımlanması haqqında qərar qəbul edib. Bunun yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefimlərin, serialların ərsəyə gəlməsi məqsədilə qəbul olunduğu bildirilib. Eyni zamanda yeni qərarın ardından bir sıra məsələlər müzakirə olunub. Xarici serialların yayımlanmasının yerli kinolara təsir edəcəyi söylənilib.
Bu barədə “Sherg.az”a danışan tanınmış rejissor Oqtay Əliyev söyləyib ki, qərarda kanalın gün ərzində 1 saat xarici, qalan 4-5 saatda da yerli serialların yayımlanması qeyd olunub:
“Bu da o deməkdir ki, kanalımızda Azərbaycan seriallarının göstərilməsi mütləqdir və hamısı öz yerində qalacaq. Həm də aktyroların bəziləri (hamısnı demirəm) üçün əlavə iş yeri açılacaq. Çünki həmin filmləri, serialları dublaj edəcəklər”.
Oqtay Əliyev həmçinin bildirib ki, serial sektoruna vəsait ayrılsa pis olmaz:
"Bilirəm, vəziyyət ağırdı, pandemiya, iqtisadiyyat, neftin qiyməti, bunların hamısını başa düşürəm. Amma büdcədə artıq vəsait qalsa, onun televiziyada serialların çəkilişi üçün verilməsi yaxşı olardı. 2012-ci ildə də düşüncəm belə idi".