"Çox istərdim ki, dastan axşamlarımız, sazlı-sözlü məclislərimiz geri qayıtsın ki, gənclərimiz də baxsın, örnək alsın"
İllər keçdikcə adət-ənənələrimiz, milli dəyərlərimiz unudulur, onların yerini müasir məşğuliyyətlər, texnoloji maraqlar alır. Nəticədə insanoğlu özündən sonraya ulularından qalmış mirası ötürə bilmir.
Məsələn, onlardan biri də qədim tarixli musiqi alətimiz saz deyilmi? Əfsuslar olsun ki, sazın və aşıq sənətinin günümüzdəki vəziyyəti acınacaqlıdır. Bir neçə incəsənət növünü özündə birləşdirən əvəzolunmaz, əsrarəngiz sənətin indiki durumu insanı düşünməyə vadar edir.
Görəsən, hələ Dədə Qorquddan, Koroğludan, Qurbanidən, Tufarqanlıdan, Aşıq Ələsgərdən, nəhayət, Dədə Ədalətdən oxuyub, eşidib bildiyimiz sazı dəhşətli hala kimlər saldı?
Əlbəttə, günahkar çoxdur. Sazı boynunun arxasına çıxardıb şou yaradanlar, əyyaş şəkildə meyxanələrdə rəqqasə qarşısında qutsal musiqi alətini alçadanlar, özlərini mahir sənətkar adlandırdıqları sənətdən heç bir anlayışı olmayan manıslar və sair. Ən gülməlisi də odur ki, onların hər biri özünü aşıq sənətinin layiqli davamçısı kimi görür. Elə bu məqamda Mikayıl Müşfiqin
“Şairəm söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir!” misrası yada düşür.
Həmin səbəblərə görə onsuz da kövrək olan sazın boynu bükülür, zərif simləri qan ağlayır. Sazı kökdən salan “aşıq”ların ucbatından dövrün yaxşıları da görməzdən gəlinir. Nəticə də aşıq sənəti unudulur...
Bu barədə “Sherg.az”a danışan tanınmış aşıq Zülfiyyə İbadova deyib ki, günah sazı pis günə salanlardan çox onları üzə çıxarıb dəyər verənlərdədir:
“Ona görə ki, görürlər maraq var, özlərini meymunluğa qoyurlar. Qıraqdan fit verirlər, cibinə pul basırlar ki, həmin hərəkətləri daha çox eləsin. Onu bilirəm ki, sazı ürəyin üstündə çalarlar, nəinki stolun üstə qoyasan və sair hərəkətlər edəsən. Əlbəttə, belə şeylər qınaq obyektinə çevrilib. Olmamalıdır. Bir də onu deyim ki, əvvəllər televiziyada hər həftənin dördüncü günü dastan axşamları yayımlanırdı.
Balaca uşaq idim, həvəslə o günü gözləyirdim. Fikirləşirdim ki, görəsən, bu gün aşıq hansı dastanı danışacaq. Əfsuslar olsun ki, indi o qədər bayağı verilişlər var ki, bütün folklorumuzu, milli adət-ənənələrimizi qoruyan o dastanların hamısı arxa planda qalıb. Onları üzə çıxarmaq lazımdır. Cavanlarımıza bütün bunların aşılanması yolunda efirlərin böyük rolu olmalıdır. Biz görürdük, yaddaşımıza elə həkk olunurdu. İndiki gənclər görmür deyə həmin vəziyyətə gəlib çıxır”.
Sazı məsxərəyə qoyan insanlara da diqqət çəkən Zülfiyyə xanım qeyd edib ki, bu musiqi aləti bizə Dədə Qoruqddan yadigardır, onu ələ salanları Allah bağışlamaz:
“Saz mənim üçün müqəddəsdir. O, təkbaşına böyük orkestri əvəz edir. Milli soyumuz-kökümüzdür, ona kəm baxanın gözlərinə qan damar. Geci, tezi var. Bildirmək istəyirəm ki, kaş sizin düşüncədə, fikirdə jurnalistlərin sayı televiziyalarda çox olsun. Dastan axşamlarımız, sazlı-sözlü məclislərimiz geri qayıtsın ki, gənclərimiz də baxsın, örnək alsın”.