Qulu Məhərrəmli: "Amma bunların hamısının bir mənası olmalıdır"
Son zamanların ən çox yayılan müasir məsləklərindən biri “viner”likdir. Sosial şəbəkələrdə qısa videolarla, müəyyən bir kitləyə xitab edən vaynerlərə maraq xeyli artıb. Hətta bu axın o həddə çatıb ki, telekanallarımızın birində “Vine şou ” adlı verilişi yaratmağa da ehtiyac duyulub.
Məlumat üçün qeyd edək ki, vaynerlər “instagram” və ya “ YouTube”da müxtəlif mövzulu videolar çəkib, paylaşırlar. Onların içərisində işlərini peşəkar şəkildə görən, həm gülməli, həm də maarifləndirici videolar hazırlayan gənclər çoxdur. Əfsuslar olsun ki, onlar da barmaqla sayılacaq qədərdir.
Geri qalanları isə heç bir məqsəd, məna verən senari olmadan, utancverici görüntülərlə baxış sayı toplamaq, özlərini tanıtmaq üçün hər yola əl atırlar. Onların "Tik-Tok"sayağı videolarında qeyri-etik ifadələr də, ən pis vərdişlərin təbliği də yer alır. Ürəyimizə su sərpən məqam isə bütün bunların sosial şəbəkələrdə baş verməsidir. Heç olmasa, gənclərin bir qismini valideynləri onlardan uzaq tuta bilər.
Bəs, sosial şəbəkələrdəki paylaşımları ilə gerçək üzlərini nümayiş etdirən bu insanları uşaqlarımızın, gənc beyinlərimizin görüb tanımağı nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı “Sherg.az”a danışan Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli həmin proqramı izləmədiyini bildirərək bunları söyləyib:
“Televiziyaların sosial şəbəkəyə müraciət etməsində qeyri-adi heç nə yoxdur. O bir məlumat mənbəyidir, istifadə edilə bilər. Çünki orda da başqa aləm var, cəmiyyətin bir qismi həmin platformalarda fikirlərini ifadə edir. Bunlar normaldır. Amma hesab edirəm ki, onları seçəndə diqqətli olmaq lazımdır. Çünki hadisələrə peşəkar baxışla özfəaliyyət qeyri-peşəkar yanaşma başqadır. Hadisənin mahiyyətini bilmirəm. Ümumi məsələnin quruluşunu demək istəyirəm ki, televiziyaların komik situasiyaları, normadan yayınma hallarına yol verən epizodları çəkərkən diqqətli olmalıdırlar. Əgər sosial şəbəkənin mənzərəsini göstərmək istəyiriksə, orda çox faydalı nüanslar var. Onları bir maarifçi yönü ilə tapıb, əyləncə məqamında göstərmək olar”.
“TikTok” sosial şəbəkə platformasına dünyada qoyulan qadağalara da diqqət çəkən professor həmin tərzi təbliğ etməyin yanlış olduğunu vurğulayıb:
“İnsan gülməlidir, əylənməlidir, ağlamalıdır. Amma bunların hamısının bir mənası olmalıdır. Sağlam insan beynini qidalandıran bir situasiya əks etdirməlidir. Etik normaların pozulmasına televiziya yol verə bilməz.
Yaxşı ki, son vaxtlar Milli Televiziya və Radio Şurası belə hallara kəskin reaksiya verir. Televiziyalar o cür qeyri-peşəkar şəkildə deyil, hədəfdən yayınmadan dəbdə olmalıdırlar. Hər halda onların auditoriyası böyükdür, məqsədləri fərqlidir. Ona görə də normativ məsələləri nəzərə almalıdırlar”.