Ər-Toğrul Kamalov: "Videoların ərsəyə gəlməsi heç də planlı baş vermədi"
"Əgər mümkün olsa və mənə etibar edilsə, məmnuniyyətlə film çəkərdim. Amma əsas peşəm teatr rejissorluğu və aktyorluğudur"
Hər zaman xarakter etibarı ilə rəngarəng və maraqlı insanları tanımaqdan məmnun olmuşam. Nə xoş ki, növbəti müsahibim də belə insanlardandır. İstedadlı, bacarıqlı, hərtərəfli dünyagörüşünə malik, işinin ustası... Bir sözlə, sadalamaqla bitməz... Söhbət son günlərin ən çox danışılan, sosial şəbəkələrdə dublaj videoları ilə məşhurlaşıb, dövlət nümayəndələri tərəfindən təqdir toplayan, aktyor, rejissor Ər-Toğrul Kamalovdan gedir. Yaxşısı budur onunla müsahibəni oxuyaraq yaxından tanıyasınız.
- Əvvəla istərdim ki, sizinlə maraqlanan izləyicilər, oxucular üçün özünüzdən danışasınız. Ər-Toğrul Kamalov kimdir?
- Sadə Azərbaycan vətəndaşı, insan, rejissor, aktyor, menecer və nəhayət, dublaj aktyoru.
- Birdən çox məsləklə məşğulsunuz. Maraqlıdır, bu qədər işi bir yerdə necə cəmləşdirirsiniz, sizin üçün çətin olmur?
- Xeyr. Çünki hər işə ayrıca vaxt ayırıram. Beləliklə heç nə bir-birinə qarışmır.
Nəhayət, mənim üçün daha doğma olan, həmsöhbətimlə taleyimizi bu nöqtədə bir-birinə bənzədən sualı verirəm:
- Bildiyim qədəri ilə jurnalistikaya marağınız olub. Hətta imtahan vermisiniz. Amma cüzi balla kəsilib, daxil ola bilməmisiniz. İndi bunun üçün heyifslənirsinizmi?
- Jurnalistikaya marağım indi də var. Doğrusu günümüzdə jurnalistikadan xəbərsiz olub, jurnalist işləyənləri görəndə heç də təəssüflənmirəm (Təbəssüm edir).
- Bir az da işlərinizdən bəhs edək. Bir tərəfdə “Yuğ” Teatrının əməkdaşı aktyor, digər tərəfdə isə müğənnilərlə işləyən menecer. Ən çox hansı Ər-Toğrul Kamalovu əks etdirir?
- Əlbəttə, “Yuğ” Teatrının əməkdaşı aktyor. Baxmayaraq ki, hazırda teatr və ya kino sahəsində çalışmıram, amma fərq eləmir. Çünki teatr təhsilini aldığım, oxuduğum, xarici kurslarda incəliklərini öyrəndiyim sahədir. Əslində elə mənim işim də teatrdır.
- Sizcə, digər sektorlarda olduğu kimi teatrda da gənclərə ehtiyac varmı?
- Ümumiyyətlə, cənab prezidentin gənclərlə bağlı siyasəti təqdirəlayiqdir. Gənc kadrların hansısa postlara təyinatları ölkəmiz üçün yenilənmədən xəbər verir. İstənilən sahəyə cavanların təyin olunması çox vacibdir. Bu yeni modern, səmimi və xalqa daha yaxın bir inkişaf forması gətirir.
- Yaxın günlərdə Xalq artisti Mehriban Zəki təklif irəli sürdü ki, şadlıq sarayları binası olmayan teatrlara verilsin. Bu haqda sizin fikirləriniz maraqlıdır...
- Mehriban Zəki düşüncəsinə və şəxsiyyətinə hörmət etdiyim xanım sənətçidir. Əslində uyğun təklifdir. Bunun hüquqi tərəflərinin həlli məsələsi isə hüquqşünasların işidir. Ona görə dəqiq bir söz deyə bilmirəm. Amma yeri olmayan teatrlar üçün binanın tapılması və ya tikilməsi mədəni siyasətin bir qoludur. Çox güman ki, bu məsələlər öz həllini tapacaq.
- Ümumiyyətlə, Azərbaycanda teatra maraq nə səviyyədədir? Əlbəttə, az-çox təxmin edirik. Amma siz bu işin içindəsiniz, daha yaxşı bilərsiniz. Məsələn, bir tamaşaya baxmaq üçün nə qədər izləyici gəlir?
- Tamaşalara insanların gəlib-gəlməməsi bizim yəni teatr rejissorlarının və ya aktyorlarının ortaya qoyduğu məhsuldan asılıdır. Hər bir teatrın həm baxımlı, həm də heç baxılması mümkün olmayan tamaşaları var. Bu da normaldır. İnsanların teatrlara marağını artırmaq üçün SMM (Sosial Media Marketinq) tərəfini də düşünməliyik. Teatrlarda menecerlerin fəaliyyəti mütləqdir.
- Keçək sizi bütün Azərbaycanda tanıdan dublaj videolarınıza...
- Bəyəm bütün Azərbaycanda tanınıram? Sizdən eşidirəm (gülür).
Müsahibimin təvazökar cavabından sonra əsas sualı ünvanlayıram:
- Necə oldu ki, dublaj işlərinə başlayıb belə videolar hazırlamaq qərarına gəldiniz?
- Peşəkar dublajla çoxdan məşğulam. Amma bu cür videoların ərsəyə gəlməsi heç də planlı baş vermədi. Adi yumoristik video düzəltmişdim. O da sosial şəbəkələrdə bəyənildi. Sonra düşündüm ki, Operativ Qərargahla bağlı videolar hazırlayım. Nəticədə insanlar tərəfindən sevildi. Mən də davam etdim.
- Bir videoya nə qədər vaxt sərf edirsiniz? Filmlərdən səhnələr tapmaq, senarini yazıb səsləndirmək, montajla səsi görüntüyə uyğunlaşdırmaq. Bütün bunlar çətin olar hər halda...
- Hardasa 4-5 saat vaxtımı aparır. Sadaladığınız ardıcıllıqla işləri sadə, köhnə telefonla görmək çox çətindir (təbəssüm edir).
- Fəaliyyətinizin dövlət adamları tərəfindən yüksək qiymətləndirilməsi, prezidentin köməkçiləri Şahmar Mövsümov və Hikmət Hacıyevlə görüşünüz sizə necə hiss etdirdi?
- Əlbəttə, düşünmürdüm ki, yüksək vəzifəli, işləri çox olan insanlar mənə vaxt ayırarlar. Amma Hikmət müəllim və Şahmar müəllimin cənab prezidentin apardığı gənclərlə bağlı siyasətə daha bir töhfə verdiyini göstərdi. Mənimlə görüş sanki bütün Azərbaycan gəncliyi ilə baş tutdu. Şərəfverici görüşə görə həm Hikmət müəllimə, həm də Şahmar müəllimə minnətdarlığımı bildirirəm.
- Videolarınızdan hiss olunur ki, çox film izləyirsiniz. Bəs özünüz film çəkməyi düşünürsünüzmü?
- Mümkün qədər çox film izləməyə çalışıram. Qısametrajlı filmlər çəkmişəm. Hətta filmlərim festivallarda yer tutublar. Əgər mümkün olsa və mənə etibar edilsə, məmnuniyyətlə film çəkərdim. Amma əsas peşəm teatr rejissorluğu və aktyorluğudur. Bu işdə baş rejissor olaraq çalışmışam. Yəni elə teatrda davam etməyim daha məsləhətlidir (gülümsəyir).