Ermənilərin “nəfəs borusu” bağlansın! – “Laçın dəhlizinə nəzarət etməliyik”

Dövlət sərhədində atəşkəsin tez-tez pozulması ilə bərabər Ermənistan silahlı birləşmələrinin Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasına yerləşdirilməsi həyata keçirilir. İnternetdə yayılan videogörüntülərdən aydın olur ki, Laçın dəhlizi vasitəsi ilə "Kamaz", "Ural" və başqa yük maşınları ilə yüzlərlə hərbçi işğaldakı ərazilərə transfer edilir.

Habelə onların silah-sursat və ərzaq təminatı da fasiləsiz olaraq bu dəhliz vasitəsi ilə həyata keçirilir. Hazırda Qarabağda yaşayan ermənilərin su problemi yaranıb. Politoloqların əksəəriyyətin isə düşünür ki, başqa çeşidli problemləri də yaratmalıyıq. Elə etməliyik ki, Qarabağdakı ermənilərin gənc nəsli Ermənistana və Rusiyaya köç etsin, işçi qüvvəsi çatışmasın, İrandan Qarabağa bizə bəlli olmayan yüklər daşınmasın.

Mövcud durumu “Sherg.az”a şərh edən millət vəkili Elman Məmmədov söyləyib ki, torpaqlarımızda məskunlaşanların hər biri qanunlarımızı qəbul edərək yaşamalıdırlar:



“Bu gün elə bir vəziyyət yaranıb ki, Azərbaycan dövlətinin ərazisindəki bir qrup erməni hələ qanunlarımızı qəbul etməyiblər, belə getsə, qəbul etmək fikrində də olmayacaqlar. İki yolları var: Ya Azərbaycan qanunlarına əməl edib, ərazimizdə dinc vətəndaş kimi yaşamalıdırlar. Ya da ərazilərimizi tərk etməlidirlər.

Qarabağda yaşayan ermənilərin ərzaq məsələsi, su və enerji təminatı var. Bu məsələlər getdikdə özünü qabarıq şəkildə büruzə verir. Xankəndi və onun ətrafı ordumuzun nəzarətindədir. Normal insan kimi yaşamaq istəyirlərsə, şəxsiyyət vəsiqələrimiz onların cibində olmalı, Azərbaycan vətəndaşı kimi yaşamağı qəbul etməlidirlər.

Hələlik Azərbaycanın razılığı ilə rus sülhməramlıları müvafiq ərzilərə nəzarət edirlər. Laçın dəhlizi vasitəsilə hələ ki, qeyri-qanuni işləri həyata keçirirlər. Bu yaxınlarda məlumat yayıldı ki, Laçın dəhlizindən mülki şəxs adı altında sülhməramlıların icazəsi ilə yenə Qarabağa hərbi yüklər və erməni terrorçuları daşınır. Belə olduqda Azərbaycan onların “nəfəs borusu”nu bağlamalıdır. Yəni Laçın dəhlizinə də özümüz nəzarət etməliyik”.

Deputatın fikrincə, Qarabağdakı ermənilərin gündəlik təminatına imkan verməməliyik:

“Bizə tabe deyillərsə, qanunlarımızı qəbul etmirlərsə, ərazilərimizdə yaşaya bilməzlər, heç bir güzəşt edilə bilməz. Necə ola bilər ki, vətəndaşlığımızı qəbul edib qanunlarımıza tabe olmurlar, ancaq ərazimizdə yaşayıb təminat üçün bizdən kömək istəyirlər. Bu, heç bir məntiqə sığan deyil”.