Jurnalist qürur duydu! - Hamı böyük köçə qoşulacaq

“Ətrafımda olan insanların 80-90 faizi qayıtmaq istəyir, çox səbrsizlənirlər”

“Hətta elələri var ki, tez-tez Ağdam istiqamətinə gedirlər”

“Qarabağlılar çox səbrsizliklə o günü gözləyirlər ki, böyük köç prosesi başlasın”


“Gəlmişəm Ağdamın İcra Hakimiyyətinin Bakıdakı nümayəndəliyinə. Qürur doğuracaq bir mənzərə ilə üzləşdim. Hal-hazırda 100-dən çoxlu ağdamlı doğma yurduna qayıdıb yaşamağa görə sənədlərini təqdim etmək üçün növbə gözləyir. Və mənə deyildiyinə görə həftədə 2 dəfə sənədlərin qəbulu zamanı belə hallar yaşanır.
Mənim növbəm: 102!”
Bu barədə əməkdar jurnalist Aydın Bağırov Feysbuk hesabında yazıb.

Daha ətraflı məlumat almaq üçün A.Bağırovun özü ilə əlaqə saxladıq. O, “Sherg.az”a bu sözləri söylədi:

“Köçün nə zaman bitməsi işin texniki tərəfləridir və dövlət qurumlarının səlahiyyətində olan məsələdir. Ətrafımda olan insanların 80-90 faizi qayıtmaq istəyir, çox səbrsizlənirlər. Hətta elələri var ki, tez-tez Ağdam istiqamətinə gedirlər.

Ancaq məlum səbəblərə görə ora çox buraxılmırlar. Özüm də Ağdama qayıtmağı düşünürəm. Baxmayaraq ki, Bakıda şəxsi mənzilim, yaxşı işim var. Lakin bütün bunlar doğma torpağımdan üstün ola bilməz. Hesab edirəm ki, Ağdama gedib işimi oradan da həyata keçirə bilərəm.

Bəzi vətəndaşların azad olunan torpaqlara qayıtmaq istəmədiyi ilə bağlı faktlarla rastlaşıram. Kimsə Bakıda qalacaqsa, əslində bu, problem deyil. Çünki paytaxtda işğal edilməyən digər bölgələrimizdən olan yüz minlərlə insan yaşayır.

Azərbaycanın hər yerində yaşamaq onların konstitusion hüququdur. Ümumiyyətlə, vətəndaşların qayıtmaq istəməməsi ilə bağlı fikirlər diskriminasiyadır. Amma əhalinin öz torpaqlarına qayıtmasına maraq çoxdur. Qarabağlılar çox səbrsizliklə o günü gözləyirlər ki, böyük köç prosesi başlasın.

Proses də 2024-cü ildə bitəcək. Ağdamlılar həvəslə müraciət edir, sənədlərini verirdilər. Bu, çox qürurlu haldır”.