XATİRƏ: “Azərpaşa Nemətov tamaşanı izləyirdi, aktyorları alqışlayırdı”



Xalq artisti Nurəddin Mehdixanlı Azərpaşa Nemətovla Azərbaycan Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində çıxış edib.
“Sherg.az” xəbər verir ki, aktyor çıxışında bu sözləri deyib:
“Azərbaycan mədəniyyətinin böyük nümayəndəsi ilə vidalaşırıq. Düşünürəm ki, bu, bizim Azərpaşa Nemətovla son görüşümüz deyil. Çünki bundan sonra da onun quruluş verdiyi tamaşalarda oynayıb, onu xatırlayacağıq. Onun hazırladığı tamaşalar oynanıldıqca da xatırlanacaq. Mənim onunla ilk tanışlığım Rüstəm İbrahimbəyovun bir əsərində oynadığım tamaşada olub. Firəngiz Mütəllimova ilə sözsüz bir rolum var idi. İki gün bundan əvvəl onun quruluş verdiyi “Cəhənnəm sakinləri” tamaşasında rol oynayırdım, Azərpaşa müəllim də adəti üzrə locada əyləşmişdi. Sona qədər tamaşanı izləyirdi, sonda isə ayaqüstə aktyorları alqışlayırdı. Sözsüz bir rolla başlayan yaradıcılıq yolumuz teatr səhnəsində onunla bərabər böyük rolların ifaçısına çevirdi. O çox istedadlı, fərqli düşünən, fərqli oxumağı bacaran rejissor idi. O, aktyoru ağır yükün altında qoymadan istədiyinə nail olurdu. Çalışdığı bütün teatrlarda çox maraqlı tamaşalar səhnələşdirirdi. Düşünürəm ki, dünyanı tərk edib gedənlər özlərindən sonra əməllərini qoyurlar. Bu qədər nəhəng insanların biz tərk etməsi qalanlara örnək, görk olmalıdır. Həyat, yaşamaq,yaratmaq varkən gücümüzü, enerjimizi sənətə sərf edək. Özümüzdən sonra xatırlanacaq, alqışlanacaq işlər qoyaq. Azərbaycan peşəkar teatrının 150 yaşı var. Biz dünyanın  teatr mədəniyyətinin dəyərli bir parçasıyıq. Azərbaycan tamaşaçısı Azərpaşa Nemətovu böyük sevgi ilə xatırlayacaq. Kollektiv də həmçinin. Bizim burda gözəl günlərimiz, uğurlu tamaşalarımız olub”.