Təklif alqışlandı:“Bu universitet Mədəniyyət Nazirliyinin tabeliyinə verilməlidir"

“Elm və Təhsil Nazirliyinin işçilərinin 90 faizi teatrlar haradadır bilmirlər”.
Bu sözləri  teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib. 

O bildirib ki, bu səbəbdən yaradıcı sahəyə laqeyd yanaşılır və bəzi qurumlar Mədəniyyət nazirliyinin tabeliyinə verilməlidir:“Mədəniyyət və İncəsənət Universiteti və digər mədəniyyət müəssisələri nazirliyin balansına verilsə, yaxşı olar”.

İ.Rəhimli teatrlara yardım edən sponsorların vergidən azad edilməsini təklif edib: 

“Rəhbərlik bu barədə Nazirlər Kabinetinə təkliflər versin”.
 Teatrşünasın təklifi müzakirə yaradıb. Kimisi onunla razılaşsa da, kimisi universitetin Elm və Təhsil Nazirliyinin tərkibində qalmasını daha məqsədəuyğun hesab edir. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru Gülşad Baxşıyeva İ.Rəhimlinin təklifini alqışladığını deyib:

“Bizim təhsil aldığımız 1970-ci illərdə Mədəniyyət və İncəsənət Universiteti Mədəniyyət Nazirliyinə tabe idi. Çünki istəsən də, istəməsən də bizim məzunlarımız sırf mədəniyyətə xidmət edən insanlardır. 

Bu barədə İlham Rəhimlinin təklifini alqışlayıram və dəstəkləyirəm. 

Bununla bağlı çox söhbətlər gedirdi, müəllimlər arasında da deyirdik ki, biz Mədəniyyət Nazirliyinə tabe olmalıyıq”.