Hacı İsmayılov:“Sədrlik yox, səlahiyyətlərin icrası mənə tapşırılıb”

13 aprel 2023-cü il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclası keçirilib. İclasda Xalq artisti Azər Paşa Nemətovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sənətkarın şəxsiyyətindən, sənətindən, Azərbaycan mədəniyyətindəki, o cümlədən teatr sənətindəki əvəzolunmaz yerindən danışılıb. 

Sonra sədrin vəzifə səlahiyyətıərinin icrası barədə məsələ müzakirə edilib. İdarə heyəti üzvlərinin yekdil qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti Konfransına qədər İttifaq sədrinin səlahiyyətləri sədr müavini Xalq artisti, Dövlət mükafatı laureatı, ”Şöhrət” ordenli Hacı Məcid oğlu İsmayılova verilib.

“Sherg.az” Xalq artistinin özü ilə əlaqə saxlayaraq bundan sonra görüləcək işlərlə bağlı həmsöhbət olub.
Aktyor bildirib ki, sədrin səlahiyyətlərini növbəti ilə qədər icra edəcək:

“Porseslər hələ yeni başlayır. Əlimizdə olan tədbirləri etməliyik. Ümummilli liderin 100 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi elan edilmişdi. Qərara almışdıq ki, mayın 10-na qədər bədii qiraət müsabiqəsini yekunlaşdıraq, tədbir keçirilsin. Hazırda onunla məşğuluq. 

Mayın 3-ü və 5-i birinci, ikinci tur keçiriləcək, sonda isə mükafatlandırma olacaq. Hələlik bu işləri yerinə yetiririk. Bir də bizim maliyyə məsələlərində çətinliklər əmələ gəlib. 

Çünki sənədlər və imza dəyişməldir. Hər işi yoluna qoymalıyıq. İşçilərə də maaş vermək lazımdır. Başqa işlərə görə maliyyə olmalıdır. Azər müəllimdən sonra bank hesabı dondurulub. Onu da yenidən bərpa etməliyik. 

Belədir ki, nizamnamə var. Orada qeyd edilir ki, sədrin vəzifələri müvəqqəti olaraq müavininə verilir. 

O da ancaq idarə heyətinin qərarına əsasən olmalıdır. Sədr isə 5 ildən bir seçilir. O da 2024-cü ildə olacaq. Həmin vaxta qədər sədrin vəzifəsini icarə edəcəyəm. Sədrlik yox, onun səlahiyyətlərinin müvəqqəti icrası mənə tapşırılıb”.

Xalq artisti Azərbaycan Akademik Milli Dram Teatrının baş direktor vəzifəsi ilə bağlı aparılan müzakirələrə də münasibət bildirib:

“Bu elə bir məsələdir ki, hansısa aktyordan və təşkilatdan asılı deyil. Bunun üçün Mədəniyyət Nazirliyi və Nazirlər kabineti var, Humanitar şöbə mövcuddur. 
Bu məsələni onlar həll edirlər. Elə bir məsələ deyil ki, kimi gəldi, təyin edəsən. Dövlət tərəfindən təyin olunmalıdır”.