Şeyxdən Bəşirqızına sərt cavab:“Şapalaqla üz qızardıb, insanları…” - Populistdir!

“Düşünürəm ki, daha ciddi işlərlə məşğul olmalıyıq. Harada torpaq qismət olacaqsa, ora Vətəndir”

Xalq artisti Afaq Bəşirqızının ötən günlərdə səsləndirdiyi təklif müzakirəyə səbəb olub. 
Aktrisanın aktyorlar üçün xüsusi qəbiristanlıq yaradılması təklifi sosial şəbəkələrdə qütbləşmə yaradıb. Kimisi aktrisa ilə razılaşsa da, kimisi onun fikrini bəyənməyib.

Xalq artisti Şeyx Əbdül Mahmudov “Sherg.az”a açıqlamasında A.Bəşirqızının təklifi ilə razılaşmayıb:

“Mərkəzdən qaçma deyilən bir söz var. Kənardan baxıb görürlər, əllərinə fürsət düşəndə hərə bir tərəfə çəkir. İndi belə bir dövrdə, Azər Paşa müəllim də dünyasını dəyişib. Hazırda da AzDrama-nın baş direktor, baş rejissor və bədii rəhbər yeri, həm də Teatr Xadimləri İttifaqı da boşdur.  

Ölülərə fərq qoymağı düşünmürəm. Çünki fani dünyadır, sonrası da axirətdir. Əsas odur ki, Vətən torpağıdır. Bunun ayrısı, seçkisi, xiyabanı və sairəsi olmaz. Bunlar hamısı cinayətdir, Allaha qarşıdır. Vətən torpağının hər yeri müqəddəsdir. Kimə harada dəfn olunmaq qismətdirsə, onun üçün ora Fəxri xiyabandır. İnsanları kateqoriyalara hansı ölçülərə görə bölürlər? Xalqın sənətinə xidmət etmisən, çox sağ ol. Adını da almısan, Allah işini avand etsin. Bu Quranda da, şəriətdə də yoxdur ki, ölüləri sən ora, mən bura ayırasan. 

Kriteriyalar bəlli deyil ki, hansı əsasla ayırırıq. Üç müqəddəs dəyər var ki, bir Vətəndir, biri xalq, biri də müstəqillikdir. Bunların hamısı əsas şərtdir, insanlar bu dəyərlərə necə qulluq edirlərsə, onun əməlidir, halalıdır. 

Amma Allahın dərgahında insanları ayırmaq olmaz. Sizə bütün səmimiyyətlə deyirəm, lazım gəlsə, ad çəkərəm ki, onların heç o torpaqda yeri yoxdur. Torpağa layiq deyillər. Şəhidlər müqəddəs insanlardır. 

Onları rayonda yox, Bakıda dəfn edilməsinin səbəbi də məzarlarının ziyarətgaha çevrilməsidir. Vaxt gələcək insanlar onları peyğəmbər, müqəddəs məkan kimi ziyarət edəcəklər. Vətən uğrunda da ölənlərin hamısı bir yerdə olmalı, ora müqəddəs məkana çevrilməlidir.

Nə var yoxsa, Birinci, ya da İkinci Fəxri Xiyaban deyirlər. Hansı kriteriyalarla deyirlər? Ona görə orijinallıq edib,

 düşünülməmiş, emosional təkliflər vermək lazım deyil. Ondansa bazardakı qiymətləri, qazın, işığı aşağı salsınlar. Yoxsa kim harada dəfn ediləcək, bunun nə mənası var? Belə popilist çıxışlarla, şapalaqla üz qızardıb, insanları yayındırmaq lazım deyil. Daha ciddi sosial problemlərimiz var. 

Bunları düşünmək lazımdır. Təki bizə torpaq qismət olsun, suda boğulmayaq, odda yanmayaq. Heç olmasa, yerimiz yurdumuz bəlli olsun. Düşünürəm ki, daha ciddi işlərlə məşğul olmalıyıq. Harada torpaq qismət olacaqsa, ora Vətəndir”.