“Bizim Gülüş müəllim” alındı

Tamaşa-konsertə gələnlər bu dəfə də məmnun qaldılar

“KVN”çilərdən savayı səviyyəli yumor və satira nümayiş etdirən, demək olar, yoxdur

  Onlar yenə üst səviyyə nümayiş etdirdi. “Planet Parni iz Baku” KVN komandasının “Bizim Gülüş müəllim” tamaşa-konsertinə gələnlər bu dəfə də məmnun qaldılar. Bu cür səviyyəli yumor və satiraya günümüzdə nadir rastlanır. “KVN”çilərdən savayı səviyyəli yumor və satira nümayiş etdirən, demək olar, yoxdur. İnciməsin digərləri. Komediya aktyorlarımız, tamaşaçıları güldürüb əyləndirməyi qarşılarına məqsəd qoyanlar məişət mövzularından kənara çıxmırlar. Yəqin, çıxa bilmirlər. Çünki bunun özü məharət, ustalıq, bilik, siyasi savad, intellektual səviyyənin yüksəyini tələb edir. “Bakılı oğlanlar”sa (“Planet Parni iz Baku” Şən və Hazırcavablar Komandası”)  bunu bacarır. Həm də digərlərindən daha yaxşı bacardıqlarını hazırladıqları səhnəciklərlə sübut edirlər. 

“Bizim Gülüş müəllim” konsert-tamaşası da belə oldu. 2 saat ərzində “bakılı oğlanlar” nəinki günün, ölkənin, dünyanın, zamanın problemlərini yumora büküb tamaşaçıya təqdim etdilər. Bu, düşündürücü gülüş idi. “Super-marketdə” səhnəciyi qiymət bahalığı və ərzaq qiymətlərindəki manipulyasiyadan, “Prius”lar taksi xidmətindəki yaramazlıqlardan,  “icra başçısı” yeni təyinatlardakı nöqsanlardan və dəyişməyən köhnə qaydalardan, “ağıllı kənd” insanları dəli edən “ağıllılardan”, elektro-mobil çox işləri ala-yarımçıq icra etməyimizdən, “plastik əməliyyatlar” və Almaniyadan qayıtmış gənclə bağlı səhnəcik isə cəmiyyətdə yaşanan dəhşətli deqrodasiyadan, “məktəbdə” səhnəciyi mədəniyyət və incəsənətimizin televiziyalarımız vasitəsilə bir neçə manısın əlində əsir qalmasından bəhs edirdi. Bir-birini əvəz edən səhnəciklərdə təhsilimiz də tənqid olundu, səhiyyəmiz də, “dovşan” sözünün yazılışını müzakirə edən “professorlar” da. Korrupsiyaya görə həbs edilmiş məmurun əməllərinin qarşısına gətirilməsi isə “Qiyamət günü”nü - böyük sorğu-sualını xatırladırdı. Bu səhnəni görən hər hansı məmur papağını (əgər varsa – M.R.) qarşısına qoyub düşünməyəcəksə, yazıq onun halına.  “Bakılı oğlanlar” oliqarxlara da mesaj ötürdü – “oliqarxlar əvvəl-axır “yatır”, deməklə. Ən maraqlı səhnəciklərdən biri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan baş naziri ilə görüşü idi. “Bakılı oğlanlar” nə sirdisə, cənab Prezidentə zahirən oxşayan aktyoru tapırlar. Bu dəfə də “cənab Prezident” səhnəyə çıxanda tamaçaşıların gur alqışıyla qarşılandı. Ermənistan baş nazirinin “İlham Əliyevi” görəndə yerə yıxılması, ermənipərəstlərin bir-bir səhnəyə çıxıb onu ayağa qaldırmaq cəhdlərinin uğursuz olması, nəhayət, Avropa Şurasının bir təhər ki Paşinyanı ayağa qaldırması, Azərbaycanın siyasi üstünlüyünü, Ermənistanın asılılığını göstərirdi. Paşinyana köməyə tələsən Makron və xanımı, hindlinin çiynində nüvə başlığıyla gəlməsi, İran İslam Respublikası “nümayəndəsinin” əlində avtafayla səhnəyə çıxışı zaldakıları uğundurdu. Üçtərəfli görüşün canlandırılması səhnəciyi əsl siyasi yumor idi. “Bakılı oğlanlar” ənənələrinə sadiq qalaraq “razminka”ya – tamaşaçıların suallarına cavaba da yer verdilər. Bu ənənə məşhur “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının kapitanı, mərhum Anar Məmmədxanovun vaxtında qoyulmuşdu. “Planet Parni iz Baku” KVN komandası ənənələri yaşatdığını göstərdi. Səhnəciklər başa çatdıqda “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti Tahir İmanov ürək sözlərini tamaşaçılara çatdırdı. Bildirdi ki, “Bakılı oğlanlar”ın budəfəki konserti Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. “Bizim Cəbiş müəllim”i “Gülüş müəllim”lə əvəzləyərək cəmiyyətdəki problemlərə işıq tutmağa çalışdılar. Alınıb-alınmayıb, tamaşaçılar desin. T.İmanov tamaşaçılardan “necə idi, xoşunuza gəldi”, soruşdu. Zal alqışlarla bəyəndiyini bildirdi. Amma T.İmanov özünəməxsus tərzdə, bir qədər də incik formada “burda bəyənirlər, sonra ağız büzüb “belə də...” deyənlər olacaq. Səhnədə Ümummilli Liderin illər öncə “Bakılı oğlanlar”la tarixi görüşündən fraqmentlər də nümayiş olundu. Ulu Öndərin gülə-gülə dediyi “sizə baxırlar, gülürlər, amma mən gülüşün arxasındakı mənanı görürəm. Bu, mənim xoşuma gəlir. Hətta məni də parodiya edirsiniz. Mən bundan narahat deyiləm. Heç kim də narahat olmasın. Siz cəmiyyətdəki nöqsanları göstərirsiniz. Belə də davam edin”, sözləri zalda yenə gur alqışlarla müşayiət olundu. Tahir İmanov isə “davam edəcəyik. Yenə görüşəcəyik”, sözləri ilə çıxışını bitirdi. Konsert proqramı “KVN” komandasının birgə ifa etdiyi mahnı ilə başa çatdı. T.İmanovun sualına bizim cavabımızsa budur: “Afərin, uşaqlar!”.