Təəssüf ki, əksəriyyət tarixi abidələrin nə qədər qiymətli
olduğunu dərk etmir, çünki bununla bağlı maarifləndirmə yoxdur
“Şəhərin mərkəzində 19-cu əsrə aid möhtəşəm binalar
var. Onlar Bakının mərkəzi mühitini təşkil edirlər. Çox vaxt biz görürük ki,
mağazalar tərəfindən fasadlar korlanır, sütunlar rənglənir"
Bakı şəhəri,
Səbail rayonu, Səməd Vurğun küçəsi 16 ünvanında yerləşən tarixi tikili (abidə)
binaya müdaxilə faktı aşkarlanıb. Bu barədə
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat
verilib.
Bildirilib
ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman
tarixi tikilinin (abidənin) sütunlarının boya ilə rəngləndiyi müəyyən edilib.
Faktla
bağlı qanuna müvafiq tədbirlər görülməkdədir. “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən,
abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə
yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması
qadağandır.
Abidələrin
qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və
mülki məsuliyyət daşıyırlar.
İstifadəsində
və ya mülkiyyətində tarixi tikililər (abidələr) olan vətəndaşlarımızı tarixi
tikililərimizin (abidələrimizin), eləcə də şəhərimizin bədii estetik
görünüşünün qorunmasına həssas yanaşmağa çağırır, bərpa işləri aparmaq istəyən
şəxslərdən qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edirik".

Mövzu ilə
bağlı “Sherg.az”a danışan “Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət
Komitəsinin rəhbəri Aytəkin İmranova tarixi abidələrin qorunması ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını deyib.
Onun sözlərinə görə, qanunvericiliyimizdə tarixi binaların toxunulmazlığı təsbit
olunsa da, buna əməl edilmir: “Tarixi
abidələrimizə qarşı sanki
“partizan müharibəsi” gedir.
Halbuki qanunda tarixi binaların toxunulmazlığı
birmənalı şəkildə təsbit olunub. Konstitusiyanın 77-ci maddəsində tarix və mədəniyyət
abidələrinin qorunmasının hər kəsin borcu olduğu qeyd olunur. Mülkiyyətində və
ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin
salamatlığına görə məsuliyyət daşıyırlar.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 10-cu maddəsində
isə deyilir: “Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və
onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin
aparılması qadağandır”.
Cinayət Məcəlləsinin
246-cı maddəsinə görə, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət
abidələrini qəsdən məhvetmə və ya korlama minimum əməkhaqqı məbləğinin beş yüz
mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Son vaxtlar
tarixi abidələrə müdaxilələrin nisbətən səngidiyini vurğulayan A.İmranovanın
sözlərinə görə, bunun səbəbi tarixi abidələrin müdafiəsi deyil. Onsuz da özlərinə lazım olan ərazilərdəki tarixi abidələr ya sökülüb, ya da təyinatı dəyişdirilib:
“Hamısını siyahısı var bizdə. Hətta monitorinqlər zamanı bizim üzümüzə
dururdular ki, guya həmin binalar tarixi abidə deyil. Halbuki həmin binalar Nazirlər Kabinetinin
siyahısında yer alırdı. Torpaqlarımız işğal altında qalanda milli-mədəni,
tarixi abidələrimizin ermənilər tərəfindən məhv edildiyini ürək ağrısı ilə qeyd edirik, amma gözümüzün
qabağında məhv edilən binalara biganə yanaşılır. Tarixi binalar dövlətin,
xalqın və coğrafiyanın bir salnaməsidir.
Binalar özü özlüyündə tarixi yaşadan ən qiymətli eksponatlardır, öz zamanının
arxitekturasını, cəmiyyətin zövqünü əks etdirən sənət əsərləridir. Ona görə
tarixin qorunması tarixi yaddaşın diri tutulması deməkdir. Bakı şəhərinin
nadir, özünəməxsus tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və
hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə
aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bir çox yerlərdə tarixi
binaları söküb, onların yerində eybəcər hündürmərtəbəli binalar tikdilər. Buna
yol verilməməli idi. Dəfələrlə etiraz etdik, aidiyyəti qurumlara müraciətlər
edildi, lakin dəyişən bir şey olmadı.
Füzuli küçəsi və “Sovetski”dəki tarixi abidələrin hamısı məhv edildi. Hətta
bu gün “İçərişəhər” tarixi mədəniyyət abidəsindən daha çox sirkə oxşayır. Guya
məqsəd ölkəmizə turist axınını
artırmaqdır. Turistlər göydələnlərə baxır? Turistləri millətə mənsub olan tarix
maraqlandırır. Bu, hansısa məmurun öhdəsinə buraxılacaq məsələ deyil. Məmur mütəxəssis
olmaya bilər. Nazirlər Kabinetinin siyahısında olan onlarla, bəlkə də yüzlərlə
abidə artıq yoxdur. Nəyə görəsə, bizim ölkədə tarixi-mədəni irsi “qalıq” gözündə
görürlər. Mədəniyyət deyiləndə ancaq caz-muğam nəzərdə tutulur. Hansısa bir
tarixi abidəyə müdaxilə ilə bağlı etiraz edəndə o dəqiqə deyirlər ki, “camaatın
başını kəsirlər səs çıxarmırsız, amma bir bina sökülən kimi hay-küy
salırsız”.
Təəssüf ki,
əksəriyyət tarixi abidələrin nə qədər qiymətli olduğunu dərk etmir. Çünki
bununla bağlı maarifləndirmə yoxdur. Belə
halların qarşısını almaq üçün insanların mədəniyyət səviyyəsini qaldırmalı və
dövlət proqramı həyata keçirilməli, sonra da qanunlar işləməlidir. Tarixi abidələrin
qorunması ilə bağlı vəziyyət o qədər acınacaqlıdır ki, Səməd Vurğun küçəsi 16
ünvanında yerləşən tarixi binada sadəcə sütunların rənglənməsinə şükür edirik ki, nə yaxşı söküb
yerində ticarət obyekti, ya da bina tikmirlər. Sirr deyil ki, tarixi əhəmiyyət
daşıyan memarlıq abidələrinin birinci mərtəbələrində fasadlara müdaxilə edilərək
restoranlar, ofislər açırlar. Birinci mərtəbələrdəki pəncərələri sökərək, yerində restoran üçün
böyük vitrinlər edilib. Nəyə görə bunları məsul şəxslər görmür və dövlət orqanları tərəfindən qorunan memarlıq
abidəsini icazə olmadan sökürlər? Belə
hallar çox olur. Şəhərin mərkəzində 19-cu
əsrə aid möhtəşəm binalar var. Onlar Bakının mərkəzi mühitini təşkil edirlər.
Çox vaxt biz görürük ki, mağazalar tərəfindən fasadlar korlanır, sütunlar rənglənir".